Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad ediblər.
Qonaqları salamlayan müdafiə naziri onlara Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan uğurlu islahatlardan danışıb.
General-polkovnik Z.Həsənov ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə həyata keçirilən tədbirlərdən və mövcud əlaqələrdən məmnunluq ifadə edib.
Admiral B.Kuper isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, qarşılıqlı səfərlərin əlaqələrimizin daha da güclənməsinə faydalarını vurğulayıb. Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirən qonaq əməkdaşlığımızın inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Sonda Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə olunub.