Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşüb - FOTO

Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşüb - FOTO backend

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşü çərçivəsində Ankara şəhərinə səfəri davam edir.

Qaziler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov ilə gürcüstanlı həmkarı cənab İrakli Çikovani arasında oktyabrın 9-da ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan və Gürcüstanın hərbi sahədə əməkdaşlığının regionda sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyi, eləcə də ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarımızın görüşlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb.

Qeyd edilib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi bütün sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrimizin yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Regionda mövcud hərbi-siyasi vəziyyəti müzakirə edən nazirlər, üçtərəfli və ikitərəfli formatda əməkdaşlığın inkişaf edərək bütün sahələri əhatə etməsinin xalqlarımızın dayanıqlı sülh şəraitində firavan yaşamasının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Görüşün sonunda ölkələrimiz arasında hərbi əməkdaşlığın yeni perspektivlərindən, təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyindən danışılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.