Azərbaycanla İtaliya arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub - VİDEO

Azərbaycanla İtaliya arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub - VİDEO backend

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Azərbaycan ilə İtaliya arasında hərbi sahədə mövcud münasibətlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edən K.Vəliyev qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür səfərlərin vacibliyini vurğulayıb.

General L.Portolano ölkələr arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edib və bunun orduların inkişafına töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi, inkişaf perspektivləri və bir sıra digər məsələlər müzakirə edilib.

Tərəflər əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.

Daha sonra İtaliya nümayəndə heyəti Kibertəhlükəsizlik Mərkəzinə gəlib. Qonaqlara Azərbaycan Ordusunun silahlanmasına daxil olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər, eləcə də kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri barədə ətraflı məlumat verilib.

Sonra qonaqlar Hərbi Hava Qüvvələrinin Döyüşü İdarəetmə Mərkəzinə gələrək burada yaradılmış şəraitlə yaxından tanış olublar. Onlara mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib.

Sonda Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" hərbi hissəsi ziyarət olunub.

İtaliyalı nümayəndələrə hərbi hissə haqqında ətraflı məlumat verilib. Qonaqlar hərbi hissə ilə tanışlıqdan sonra XTQ mənsublarının döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyiblər.