Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın protokoluna uyğun olaraq, “AZIREX-2024” birgə taktiki təlimi baş tutacaq. Bu təlimdə Azərbaycan və İran hərbi dəniz qüvvələrinin bir qrup şəxsi heyəti və döyüş gəmiləri iştirak edəcək.
QAZİLER.AZ Trend-e istinadən xəbər verir ki, təlimə qatılmaq üçün Azərbaycan Ordusunun şəxsi heyət və döyüş gəmiləri noyabrın 2-də qonşu ölkəyə səfər edərək, Ənzəli dəniz limanına gəliblər. Təlim Xəzər dənizinin İran İslam Respublikasına aid hissəsində keçiriləcək.
"Dənizdə axtarış-xilasetmə" mövzusunda baş tutacaq təlimə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 döyüş gəmisi və 100-dən çox şəxsi heyəti qatılacaq. Bu təlim iki ölkə arasında hərbi sahədə əməkdaşlığın gücləndirilməsinə və dənizdə əməliyyat bacarıqlarının artırılmasına xidmət edəcək.