Hərbi Dəniz Qüvvələrinin (HDQ) kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar icra ediblər.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimlər Heydər Əliyev adına Hərbi İnstitutun 2023-2024-cü illər üçün tədris planı və proqramına uyğun olaraq keçirilir. Təlim zamanı əvvəlcə kursantlara gəmidə davranış və təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də şəxsi heyətin gündəlik fəaliyyəti izah edilib.
Məşğələlər zamanı baş komanda məntəqəsində idarəetmənin təşkili, döyüş gəmilərinin "Səfərə" və "Döyüşə" hazır vəziyyətinə gətirilməsi, radiolokasiya stansiyası vasitəsilə texniki, eləcə də hərəkət zamanı vizual müşahidənin aparılması, Semafor bayraqları ilə siqnal rabitəsinin təşkili üzrə tapşırıqlar yerinə yetirilib.
Sonra Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçirilən praktiki məşğələlərdə idarəetmənin təhlükəsizliyi və gəminin maşın bölməsində hərəkətvericilərin istismarı qaydaları izah olunub.
Məşğələlərin əsas məqsədi kursantların tədris müddətində yiyələndikləri nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsidir.