Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin şəxsi heyəti ilə mürəkkəb ərazi şəraitində döyüş dəstək vasitələrinin imkan və qabiliyyətlərinin qiymətləndirilməsi, qarşılıqlı əlaqənin təşkili və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə taktiki-xüsusi təlim keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Müdafiə Nazirliyinin rəhbər heyəti təlimin gedişatını izləmək üçün qoşun növlərinin idarəetmə məntəqələrində olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, müasir idarəetmə sistemlərinin və yüksək texnologiyaların tətbiqi ilə keçirilən təlimdə hərbi qulluqçular tapşırıqları peşəkarlıqla yerinə yetirir.
Təlimin keçirilməsində əsas diqqət komanda-idarəetmənin təşkili, o cümlədən komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.