Bölgədə “Türk NATO-su” və ya “Türk KTMT-si” yaratmaq mümkündürmü? Əhəmiyyətlisi odur ki, təklifi türk dövlətləri arasında inteqrasiyada daha çox maraqlı olan Türkiyə və ya Azərbaycan təmsilçisi deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətin nümayəndəsi (Qırğızıstanın Azərbaycan və Gürcüstandakı keçmiş səfiri Kayrat Osmanaliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı regional təhlükəsizliyin təmin edilməsi sahəsində türk dövlətlərinin əməkdaşlığının və inteqrasiyasının dərinləşdirilməsinin, daha doğrusu, NATO və ya KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılmasının zəruriliyini vurğulayıb) səsləndirib.
QAZÌLER.AZ xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, təqdirəlayiq təklifdir, ancaq reallaşması çətindir:
“Çünki, eyni dövlətlərin iki hərbi blokda təmsil olunmaları mümkün görünmür. Misal üçün Qazaxıstanın və ya Qırğızıstanın həm “Rusiya KTMT-si”ndə, həm də “Türk KTMT-si”ndə təmsilçiliyi mümkün deyil. “Türk KTMT-si”nin formalaşması üçün Türkiyə NATO-dan, Qazaxıstan və Qırğızıstan isə KTMT-dən çıxmalıdırlar.
Buna baxmayaraq, türk dövlətləri arasında hərbi əməkdaşlığın zəruri olması barədə təklifin səsləndirilməsini və bu ətrafda müzakirələrin aparılmasını müsbət qiymətləndirmək olar. Hərbi əməkdaşlığı elə Türk Dövlətləri Təşkilatı çərçivəsində də başlamaq və inkişaf etdirmək mümkündür. Türkiyə-Azərbaycan hərbi ittifaqını Mərkəzi Asiyaya yaymaq olar. Bunun üçün xüsusi hərbi təşkilata ehtiyac yoxdur, Mərkəzi Asiyanın türk dövlətlərinin Şuşa Bəyannaməsinə qoşulmaları hərbi əməkdaşlıq və təhlükəsizlik məsələlərini ehtiva edəcək”.