Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə keçirilən “Şahin” hərbi-idman oyununun respublika final mərhələsi Gənclər paytaxtı olan Lənkəranda keçirilib.
Qaziler.az xəbər verir ki, Ümumtəhsil məktəblərinin X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun final mərhələsində Gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, tərəfdaş qurumların rəhbər nümayəndələri, qonaqlar və 200-dən çox gənc iştirak edib.
Gənclər və İdman, Elm və Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə keçirdiyi yarışda ümumilikdə 9 komanda sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
Nəticələrə görə 1-ci yerə Xaçmaz, 2-ci yerə Oğuz, 3-cü yerə isə Sabunçu rayon komandaları layiq görülüblər.Qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayır.






