Bu gün Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günüdür.
İlqar Anzor oğlu Mirzəyev 8 may 1973-cü ildə Gürcüstan Respublikasının Qardabani şəhərində anadan olub.
1980-ci ildə həmin şəhərdə orta məktəbə daxil olub, 1990-cı ildə bitirib. 1991-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 1995-ci ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə xidmətə başlayıb.
2000-ci ildə hərbi xidmətdə fərqlənərək, bir çox uğura imza atıb. Komandir kimi diviziya birincisi olduqdan sonra ona vaxtından əvvəl mayor rütbəsi verilib. 2003-2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında ixtisası üzrə təhsilini təkmilləşdirib. Müxtəlif illərdə Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkir şəhərlərində hərbi xidmətdə olub.
Xidməti dövründə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalları, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı və "Qüsursuz xidmətə görə" medalının hər üç dərəcəsi ilə təltif olunub.
2016-cı ildə Aprel döyüşləri zamanı şücaət və qəhrəmanlıq göstərib, polkovnik-leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlib. Həmin il "Vətənə Xidmətə görə" II və III dərəcəli ordenləri ilə təltif olunub.
2019-cu il fevralın 23-də 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin olunub. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki İlqar Mirzəyev 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Onun cənazəsi Bakıda böyük izdihamla qarşılanıb. Şəhid polkovnik İlqar Mirzəyev iyulun 15-də Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik İlqar Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
İlqar Mirzəyev ailəli olub. Bir oğul və bir qızı yadigar qalıb.