Paşinyanın müsahibəsində ən maraqlı məqam müzakirəyə səbəb olan açıqlamalarını niyə indi və bu formada verməsidir.
QAZİLER.AZ Axar.az-a istinadən bu barədə Nikol Paşinyanın “Frans 24” kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi Ermənistanın sülh müqaviləsinin imzalanmasını yubatması halında Azərbaycanın alternativ variantlardan istifadə edəcəyini bildirib:
“Paşinyan Rusiyadan uzaqlaşmaq, bölgəyə Qərbi gətirmək və hərbi varlığını genişləndirmək istəyir. Ona görə də xəyanətdə ittiham olunur və Rusiya Paşinyanın hakimiyyətdən getməsinə çalışır və bunu bir çox hallarda gizlətmir. Ermənistan baş nazirinin çevriliş açıqlaması bununla bağlıdır. Digər tərəfdən, o, Azərbaycanı işğalçılıq niyyətinin olmasında ittiham edir. Dövlətimizin isə heç kimin, o cümlədən Ermənistanın ərazisində gözü yoxdur. Ancaq əgər rəsmi İrəvan sülh prosesini yubatsa, onda Bakı sülhəməcburetmə və ya sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı qısamüddətli əməliyyatlar keçirə, anklav olmayan 4 kəndimizin geri qaytarılmasına nail ola bilər”.
Turab Rzayev Paşinyanın Qərbə arxayınlığının artdığını qeyd edib:
“Müsahibədə diqqətçəkən digər bir məqam KTMT-Ermənistan əlaqələri ilə bağlıdır. Artıq İrəvanın KTMT ilə əlaqələri de-fakto dondurulub. KTMT rəhbəri Ermənistanda həbs edildi və Putinin xahişi ilə buraxıldı. Bunlarla bərabər Roma Statutu ratifikasiya olundu və Rusiya prezidenti İrəvana səfər etsə, həbs ediləcək. KTMT təlimlərinin keçirilməsinə də icazə verilmədi, amma ABŞ, Fransa və NATO ölkələri ilə əlaqələr inkişaf etdirilir. Paşinyan bütün bunları indi açıqlayır, çünki Qərb ona dəstək vədi verib və kütləvi silahlanma yolunu göstərib. Fransa müdafiə nazirinin dünən İrəvandakı açıqlamalarından da Ermənistanın silahlandırılmasının davam edəcəyini görürük. Paşinyanı arxayınlaşdırırlar, o da danışıqlarda “plankanı” artırmağa cəhd edir. Amma heç bir yardım nəticəni dəyişdirə bilməyəcək. Ayaq altında qalan isə yenə Ermənistan olacaq”.