Oktyabrın 30-da Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan hərbçilərin qırx mərasimlərində və 44 günlük Vətən müharibəsi şəhidinin üçüncü ildönümündə iştirak edib.
"Report" xəbər verir ki, antiterror əməliyyatlarında həlak olan hərbçilər - Samux rayon Lək kənd sakini Qasımov Sənan Fərman oğlu, Samux rayon Bağbanlar kənd sakini Həsənov Həsən Zabit oğlunun qırx mərasimində, eləcə də 44 günlük Vətən müharibəsinin şəhidi Rüstəmov Pərviz Tufan oğlunun şəhadətinin ildönümündə Samux Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Keçirilən tədbir zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub, şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidlərin keçdikləri döyüş yolundan, qəhrəmanlıqlarından bəhs edilib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhidlərin doğmalarına dərin hüznlə başsağlığı verərək şəhidlərə Allahdan rəhmət diləyib. "Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Vətən naminə canını qurban vermiş şəhidləri xalqımız heç zaman unutmayacaq, onlar əbədi xatirə kimi qəlblərdə yaşayacaqlar", - o bildirib.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan mayor Qasımov Sənan Fərman oğlu 7 mart 1991-ci il tarixdə Samux rayonunun Lək kəndində anadan olub. 3 oğlan övladı var. 21 sentyabr 2023-cü il tarixdə Samux rayon Lək kənd qəbristanlığında dəfn edilib.
Lokal xarakterli antiterror əməliyyatlarında həlak olan gizir Həsənov Həsən Zabit oğlu 8 mart 1995-ci il tarixdə Samux rayonunun Bağbanlar kəndində anadan olub. Subay idi. 21 sentyabr 2023-cü il tarixdə Gəncə şəhər İmamzadə Kompleksində dəfn edilib.
Vətən müharibəsi şəhidi Rüstəmov Pərviz Tufan oğlu 6 may 1992-ci il tarixdə Samux şəhərində anadan olub, 15 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 30 oktyabr 2020-ci il tarixdə Samux şəhərində dəfn edilib. Pərviz Rüstəmov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.