Müdafiə Nazirliyi Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi ilə bağlı mediatur təşkil edib.
Apa xəbər verir ki, təlimlərdə Azərbaycan və Türkiyə hərbçiləri şərti düşmən hədəflərini məhv edib.
Təlimlərdə F-16 qırıcı təyyarələri və digər hücum helikopterlərindən, "Bayraktar TB-2" vasitəsilə şərti düşmənin "İsgəndər" və "Toçka-U" taktiki raket komplekslərinin məhv edilməsi imitasiya edilib.
Daha sonra tank əleyhinə idarəolunan raket kompleksləri və T-90 tankları tərəfindən şərti düşmənin 1-ci eşalonda yerləşən zirehli döyüş maşınları və mövqeləri məhv edilib. KMM-lərə, canlı qüvvə və atəş vasitələrinə artilleriya tərəfindən kütləvi atəş zərbələri endirilib.
Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyə milli müdafiə naziri Yaşar Gülər birgə taktiki təlimi izləyir. Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan Respublikasının müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edirlər.