Azərbaycanın Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazisindəki erməni yaraqlıları indiyədək 6 zirehli texnika, 1,2 mindən çox atıcı silah, tank əleyhinə vasitələr və daşınan zenit raket kompleksi (DZRK), habelə 130 minə yaxın döyüş sursatı təhvil verib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunmuş razılaşmalara uyğun olaraq, Qarabağın silahlı qüvvələri Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsini davam etdirib. Sentyabrın 24-dək qeyd olunanlar təhvil verilib: 6 ədəd zirehli texnika, 1,2 mindən çox atıcı silah, tank əleyhinə silahlar və daşınan zenit raket kompleksi, 130 minə yaxın döyüş sursatı”, - məlumatda diqqətə çatdırılıb.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində başlatdığı lokal antiterror tədbirləri nəticəsində erməni hərbçilər təslim olublar. Sentyabrın 20-də 13:00-da Rusiya sülhməramlılarının vasitəçiliyi ilə atəşkəs elan olunub. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.