Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
İyirmi iki dövlətin hərbi attaşelik aparatının nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub, Vətən müharibəsi zamanı PUA-ların tətbiqi ilə bağlı videoçarxlar nümayiş etdirilib, sonra onları maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində qonaqlara Azərbaycan Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.