Ukrayna hazırda özünün orta mənzilli hava hücumundan müdafiə sistemlərini hazırlayır və sınaqdan keçirir.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev deyib.
“Bizim yeni hava hücumundan müdafiə sistemlərimiz var, onlar indi orta mənzillidir - bu, əlbəttə ki, Patriot, SAMP-T və ya İris-T-nin analoqu deyil. Məncə, bu, daha çox Hawk və ya orta mənzilli sistemlərə aiddir”, - deyə o bildirib.
Eyni zamanda, Çernev hazırlanmaqda olan hava hücumundan müdafiə sistemlərinin adlarını və ya xüsusiyyətlərini açıqlamayıb.
Cümə günü Ukrayna Silahlı Qüvvələrinin (AFU) Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat bildirib ki, Kiyev hava hücumundan müdafiə bölmələrini Qərb sistemləri ilə tam təchiz etmək niyyətindədir, çünki sovet sistemləri üçün döyüş sursatı və ehtiyat hissələrini doldurmaq çətindir.