2023-cü ilin fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq planına əsasən Bakıya səfər edən NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Milli Müdafiə Universitetini ziyarət edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqları salamlayan Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan-NATO əlaqələrinin bundan sonra da hər iki tərəf üçün faydalı olacağına və səmərəli görüşlərin davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.
General-mayor S.Fiks isə öz növbəsində səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Azərbaycan Ordusunda aparılan islahatların xüsusilə hərbi təhsil sahəsində öz nəticəsini göstərdiyini qeyd edib.
Alyansın ekspert qrupuna universitetin tarixi, strukturu, eləcə də əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonra qonaqlar N hərbi hissəsini ziyarət edib. Nümayəndə heyətinin rəhbəri hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.
Qonaqlara NATO proqramları çərçivəsində hərbi hissənin iştirak etdiyi beynəlxalq əməliyyatlara və təlimlərə dair brifinq təqdim olunub.
Hərbi hissənin iclas zalında keçirilən görüşdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov cari il ərzində həyata keçirilmiş və qarşıda duran fəaliyyətlər planı haqqında qonaqları məlumatlandırıb.
Sonda cari il üçün planlaşdırılan tədbirlər təhlil edilib və yeni əməkdaşlıq sahələri ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.