İyunun 23-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərdiklərini, bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolunun olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması qarşıya vəzifə kimi qoyulub və bu vəzifə uğurla icra edilir.
Azərbaycan xalqı bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd edir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ordu quruculuğunda mühüm tarixi fəaliyyətləri olub. Onlardan da biri 1999-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasıdır. Hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz Azərbaycanda peşəkar zabit təbəqəsinin yaranması məqsədi güdürdü. Ulu Öndərdən sonra tarixi missiyanı davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev orduda Xüsusi Təyinatlı Qüvvələrə hər zaman xüsusi diqqət yetirib. Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələr Ali Baş Komandanımızın etimadını doğruldub.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət alıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə söyləyib.
Tarixi missiyanın icra edilməsindən, torpaqlarımız düşmən tapdağından azad olunduqdan sonra dövlətimizin başçısı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atmasından danışan B.Məmmədzadə deyib: “Bu il də xüsusi təyinatlı hərbi hissələrdən birinə döyüş Bayrağının təqdim edilməsi onu göstərir ki, ordu quruculuğunda Azərbaycan Prezidenti tarixi missiyanı davam etdirir. Silahlı Qüvvələrimiz müasir silah və təchizatla təmin olunub. Vətən savaşından sonra Azərbaycan Ordusu daha təcrübəli, müasir və peşəkardır”.
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun təltif olunması ilə bağlı sərəncamlar imzaladığını vurğulayan İctimai Birliyin sədri deyib: “Dövlətimizin başçısının Sərəncamına əsasən, 5 hərbi qulluqçuya “general-mayor” ali hərbi rütbəsi verilib. Eyni zamanda, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə 131 hərbi qulluqçu orden və medallarla təltif olunub. Bu isə dövlətimizin başçısının ordumuzun əsgər və zabitlərinə diqqət və qayğısının növbəti əyani təzahürüdür”.