Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, gənc əsgərlərin ixtisas hazırlıqlarını uğurla bitirmələri münasibətilə keçirilən mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Çıxış edən zabit, əsgər və valideynlər kurslar zamanı keçirilən məşğələlərdə peşəkarlaşan gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.
General-mayor Məhəmməd Həsənov ixtisas hazırlığı kurslarını uğurla başa vurmaları və 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə şəxsi heyəti təbrik edib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı sayəsində 105 yaşlı Azərbaycan Ordusunun tərkib hissəsi kimi Əlahiddə Ümumqoşun Ordunun da maddi-texniki bazasının möhkəmləndirilməsinə, ən müasir silah-sursat və texnika ilə təminatına xüsusi diqqət yetirilir.
Qeyd olunub ki, Ordumuzun sıralarına daxil olan gənc əsgərlər hərbi hissələrdə və təlim mərkəzlərində ümumqoşun, ixtisas və fiziki hazırlıq üzrə dərs və məşğələlər keçərək ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanırlar. Əminliklə deyə bilərik ki, ixtisas hazırlığı kurslarını uğurla başa vuran əsgərlərimiz Aprel döyüşlərində, Günnüt əməliyyatında və 44 günlük Vətən Müharibəsində bizə qalibiyyəti gətirən, torpaqlarımızın azadlığı uğrunda canını və qanını əsirgəməyən igid oğulların yolunu şərəflə davam etdirəcəklər.
Çıxışların ardından əsgərlər müxtəlif hərbi ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.
Yolasalma mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.