Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi münasibətilə rəsmi qəbul təşkil olunub.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Fransada akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri, Fransa Silahlı Qüvvələr Nazirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Fransanın Dövlət himnləri səsləndirilib.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və səfirliyin hərbi attaşesi, polkovnik-leytenant Cavid Abdullayev çıxış edərək, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi və inkişaf yolu, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün, həmçinin milli təhlükəsizliyimizin əsas qoruyucusu kimi şərəfli missiyası və qazandığı zəfərlər barədə məlumat veriblər. Azərbaycanda ilk dəfə Silahlı Qüvvələrin hələ ötən əsrin əvvəllərində yaradıldığı qeyd edilib.
Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın milli ordu quruculuğu prosesində və formalaşmasında xidmətlərindən söz açılıb, onun uzaqgörən siyasətinin hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın regionda ən güclü ordulardan birinə malik olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Vətən müharibəsində ordumuzun Zəfər qazanması və ərazi bütövlüyümüzün bərpası bunun ən bariz şəkildə nümayişidir. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri ölkəmizin məruz qaldığı 30 illik işğala son qoyaraq, bölgədə davamlı sülh üçün əlverişli şərait yaradıb.
Bölgədə ən qüdrətli orduya malik Azərbaycanın dünyanın bir çox ölkələri ilə ikitərəfli hərbi münasibətləri və əməkdaşlığının yüksək səviyyədə olduğu qeyd edilib.
Azərbaycan Silahlı Qüvvələr Gününün yeddi il sonra yenidən Parisdə qeyd edildiyi, səfirlikdə hərbi attaşe vəzifəsinin bərpa olunduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri beynəlxalq sülhməramlı qüvvələrin tərkibində, eləcə də NATO-nun rəhbərlik etdiyi əməliyyatlarda iştirakı ilə qlobal təhlükəsizliyə və sülhə böyük töhfələr verib.