Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Media nümayəndələri Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bölmələrinin hərtərəfli təminatı, sosial-məişət şəraiti ilə tanış olublar.
Trend-in əməkdaşı xəbər verir ki, media nümayəndələri Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə yaxından tanış olublar.
N saylı hərbi hissədə məişət şəraiti yüksək səviyyədədir. İdman zalı, məişət otağı, əşya otağı, silah saxlanma anbarı müasir standartlara cavab verir.
Döyüş meydançasına gedirik. Şərti düşmənin hədəflərinin məhv edilməsi və təxribatının qarşısının alınması əməliyyatına hazırlıq gedir. Komandirlər bizi əməliyyatın gedişatı barədə məlumatlandırır və təhlükəsizlik qaydalarını çatdırır. Tapşırıqları icra olunur. Media nümayəndələri təlimi maraqla izləyir. Qarşıya qoyulmuş tapşırığın yüksək peşəkarlıqla yerinə yetirildiyini izlədikcə bir daha əmin oluruq ki, Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş qabiliyyətinə malikdir.