Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadənin nəşi ailəsinə təhvil verilib.
"Report"un Qərb bürosunun məlumatına görə, hazırda Ağstafa rayonunun Vurğun qəsəbəsində şəhidin ailəsinin yaşadığı evdə vida mərasimi keçirilir.
Mərasimdə rayonun rəsmi şəxsləri, hərbçilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimi başa çatdıqdan sonra O.Novruzəlizadə Vurğun qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.
Qeyd edək ki, mayın 11-də Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.
Xatırladaq ki, O.Novruzəlizadə iki ilə yaxındır ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirmiş. O, subay olub, bir qardaşı və iki bacısı var.
09.49
Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadənin cənazəsi Ağstafa rayonunda yaşadığı evə gətirilib.
Oxu.Az xəbər verir ki, hazırda şəhidimizlə vida mərasimi keçirilir.
Əldə etdiyimiz məlumata görə, şəhid Orxan Novruzəlizadə bu gün saat 11:00-da Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub.