Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Ramazan bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.
Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd olunub.
Bayram tədbirlərində çıxış edənlər ölkəmizdə dini dəyərlərin hər zaman qorunduğunu diqqətə çatdırıblar. Bildirilib ki, hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığı, humanizm, xeyirxahlıq və mərhəmət duyğularını daha da gücləndirir.
Silsilə tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.