Düşmən snayperinin atəşinə tuş gələn şəhid mayorun oğulları - VİDEO

Düşmən snayperinin atəşinə tuş gələn şəhid mayorun oğulları - VİDEO backend

Adətən, şəhid ailəsində çəkilişə başlayanda, ilk növbədə onun valideynlərinə söz veririk. Bu dəfə durum həm fərqli idi, həm də kədərli.

Çünki Şamaxının Həmyəli kəndindən olan Vətən müharibəsi şəhidi mayor Asif Azayev hər iki valideynini gənc yaşlarında itirmişdi.

Asif Azayevin yadigar qalan üç oğul övladı da atasının şəhidliyindən xəbərsizdir. Sadəcə, böyük oğlu Rəhim bir qədər atasının yoxluğunu dərk edir. Məktəbdən gəlib evə deyir ki, “Sinifdə mənim kimi bir uşaq da var, onun atası Şuşa qəhrəmanıdır. Mənə də sual verir ki, sənin atan hara qəhrəmanıdır?”

“Qafqazinfo” xəbər verir ki, “3-cü taborun atası” adlandırılan Asif Azayev isə Vətən müharibəsi zamanı tabor komandiri olaraq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Füzulinin Ələsgərli kəndində döyüşlər zamanı şəxsi heyətlə birlikdə mühasirəyə düşüb. 

Mayor Azayevin döyüş yoldaşları deyirlər ki, o, sonuncu döyüş tapşırığını yerinə yetirməyə gedərkən qaça-qaça döngədən keçməli imiş. Həmin anda - “bircə tez çatsaydıq, bir siqaret çəkib özümüzə gələrdik”, - deyib, amma çata bilməyib. 12 nəfərdən ibarət zabit və əsgər heyətinin həyatını xilas etsə də, özü düşmən snayperinin atəşinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Diaspora