Son günlər Ukraynadan bəzi dronların (silahların) Ermənistana ötürülməsi ilə bağlı məlumatlar tirajlanır, ilkin istinad mənbəyi Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlamaları olsa da, məncə, burada daha dərin məqsədlər və məqamlar var.
Qaziler.az bildirir ki, bunu ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Hovakim Arutyunyanın bu açıqlamasının arxasında Rusiya və İran xüsusi xidmət orqanlarının dayandığı məlum olsa, heç təəccüblənmərəm, xəbəri dövriyyəyə buraxmaqla “bir daşla bir neçə quş” vurmaq istəyirlər:
"1) Azərbaycan xalqında, cəmiyyətində ictimai rəyə təsir göstərmək, Ukrayna xalqının haqlı mübarizəsinə bizim toplumun göstərdiyi dəstəyi sarsıtmaq, Ukrayna əlehinə mənfi rəy formalaşdırmaq,
2) Daha dərin məsələlərdən biri odur ki, İran və Rusiya Ermənistana gizli yollarla dron, silah ötürürülərsə (məncə, ötürürlər), sabah bu üzə çıxanda, Azərbaycan tərəfi bununla bağlı iradlar bildirməyə başlayanda İran və Rusiya “3 meymunu” oynayaraq deyəcəklər ki, bu bizlik deyil, ukraynalılar bu silahları hərbi qənimət kimi əldə edib Ermənistana ötürüblər.
Azərbaycanın əlaqədar dövlət orqanları bu məsələni diqqətlə saxlamalı, Rusiya və İranın belə oyunlarını üzə çıxarmaq üçün çalışmalıdırlar.
Azərbaycan tərəfi rəsmi olaraq Ukraynaya da müraciət etməlidir ki, Hovakim Arutyunyanın açıqlamaları araşdırılsın, döyüşən, vuruşan, öz ərazi bütövlüyü üçün qəhramanlıq nümunəsi göstərən Ukrayna ordusunun silahlarını kim və necə oğurlayıb Ermənistana verir – bu məsələ haqqında Kiyev araşdırma, hətta cinayət işi başlamalıdır..."- deyə o, bildirib.
QAZİLER.AZ