Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.
Bununla bağlı Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Qaziler.az-a bunları bildirib:
"Azərbaycan qardaş Türkiyə ilə birgə uzun müddətdir bir yerdə hərbi təlim keçirir.
"Şuşa bəyannaməsi"nin imzalanmasından sonra Azərbaycan-Türkiyə əlaqələri daha da yüksəlib.
Azərbaycan qarşı olan münasibət Türkiyəyə, Türkiyəyə qarşı olan münasibət Azərbaycana qarşıdır. Ona görə də bu iki dövlət davamlı hərbi təlimlər keçirir. Bu təlimlər heç bir dövlətə qarşı deyil; dünyada və regionda sülhün və təhlükəsizliyin qorunması üçündür. Azərbaycan və Türkiyə ordusunun güclənməsi üçün birgə fəaliyyətdir. Hansısa bir dövlət gələcəkdə Azərbaycana qarşı neqativ bir addım atarsa Türkiyəni qarşısında görəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə parlamentinin rəhbərliyi dəfələrlə bildiriblər.
Türkiyə həmişə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanındadır. Bunu Azərbaycan prezidenti İlham Əliyev bəyan edib. Bu, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" ideyasına sadiq olan yoldur - deyə birlik sədri qeyd edib.
Azərbaycan-Türkiyə birgə təlimi ilə bağlı Emin Həsənli bildirib ki, İran bundan nəticə çıxarmalıdır:
"İran Azərbaycan sərhədlərində dəfələrlə hərbi təlimlər keçirib, Azərbaycanın milli maraqlarına zidd addımlar atıb, bəyanatlar verib. Azərbaycan gənclərini aparıb İranda müxtəlif dini-radikal işlərə cəlb ediblər. Azərbaycan vətəndaşları yaxşı olmayan əməkdaşlığa cəlb edilib. İrandan hər il Azərbaycan sərhəddindən qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr keçirilir. İran rəhbərliyi, rəsmi şəxsləri, parlamenti tərəfindən, İranın televiziyalarında Azərbaycan haqqında böhtan xarakterli fikirlər səsləndirilir.
İran Ermənistana dəstək olmağa davam edir. Ermənistanın ordusunun güclənməsinə kömək edir. İran tərəfindən Ermənistana hər cür maddi dəstək verilir. İran Təbrizdə Ermənistan konsulluğunu açıldığını bildirir. Qafanda İranın konsulluğunun açılmasını istəyir. Bu, Azərbaycana qarşı qəbuledilməz fəaliyyətdir. İrana 40 milyon azərbaycanlıya öz dilində təhsil almağa imkan vermir, amma 30-40 min erməniyə məktəb açır. Ermənilər orada millət vəkilidir...
Bir sözlə, İranın Azərbaycana da , Ermənistana da münasibəti bəllidir. Azərbaycan hər zaman bütün qonşularla beynəlxalq hüquqa əsaslanan normal münasibət qurmağa çalışır. Amma İran bu cür fəaliyyəti davam etdirəcəksə Azərbaycan da öz milli, dövlət maraqlarını qoruyacaq. Heç bir dövlətə etmədiyi kimi İrana da milli maraqları ziddinə güzəştə gedəsi deyil. Hansısa mərhələdə, vəziyyət daha da kəskinləşsə bundan İran dövləti itirəcək, ciddi zərbə alacaq. Ən böyük zərbəni isə İrandakı azərbaycanlılardan alacaq.
2001-ci ildə İran təyyarələri Azərbaycan sərhəddini keçəndə, İranın gəmiləri Xəzər dənizində bizim ərazi sularına daxil olanda türk şahinləri gəlib Bakı səmasında uçuş keçirərək Türkiyənin Azərbaycanla həmrəyliyini bildirmişdi.
İndi bu təlimlərlə də bir daha mesaj veriləcək. İran bundan nəticə çıxarmalıdır".
QAZİLER.AZ