"Ermənistanın son addımları, üzdə sülh, arxada müharibəyə hazırlaşması yeni bir şey deyil"
Hərbi ekspert Tərlan Eyvazov Qaziler.az-a bildirib ki, bu, davam edərsə ermənilər yenə də layiqli cavablarını alacaqlar.
"Ermənistan 2018-ci illə müqayisədə ordunun büdcəsini 113 faiz artırıb. Bu, dövlət büdcəsindən cəmi 170 faiz artıqdır. Bu da o deməkdir ki, Ermənistan millitarist dövlətlər arasında öncül yerdədir. Yəni silahlanmaya daha çox pul ayırır. Digər tərəfdən eyni koordinasiya mərkəzindən idarə olunaraq Qarabağda Rusiya hərbçilərinin nəzarəti altında olan ərazidə yaşayan ermənilər də həmişə olduğu kimi yenə də fəallaşıblar. Bu da dediyim kimi, bir mərkəzdən idarə olunur. Qarabağa Rusiya vətəndaşı olan Vardanyanın "təşrif buyurması", guya oradakı ermənilərin liderinə çevrilməsi, müxtəlif "tədbirlər" həyata keçirməsi onu deməyə əsas verir ki, istər bizim ərazimizdə olan separatçı ermənilər, istərsə də Ermənistan hakimiyyəti revanşist addımlarından əl çəkməyiblər. Dünən Müdafiə Nazirliyinin yaydığı məlumatda da biz bunu gördük.
Bunlar yenilik deyil. Zəfər günündən bəri həmin zonada yaşayan separatçılar tərəfindən dəfələrlə belə addımlar atılıb və bunun qarşısı Ordumuz tərəfindən hər dəfə alınıb. Bildiyimə görə, ermənilərin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə apardıqları mühəndis işlərinə qarşı Ordumuz müvafiq tədbirlər görüb, Rusiya hərbçilərinə də bu barədə xəbərdarlıq edilib. Təbii ki, Ordumuzun xəbərdarlığından sonra erməni separatçıların mühəndis işlərinə son qoyulub. Rusiya kontingentinə və erməni separatçılarına bir daha xəbərdarlıq edilib ki, əgər işlər bu qaydada davam etdirilsə qəti tədbirlər görüləcək, hətta hərbi əməliyyatlar keçiriləcək" - deyə hərbi ekspert bildirib.
QAZİLER,AZ