Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Azərbaycan xalqını və Ordusunu Zəfər Günü ilə bağlı təbrik ediblər.
Ukrayna ordusunun hazırda cəbhə bölgəsində döyüşən zabiti, tanınmış hərbi ekspert Taras Berezovets “Report”un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, Azərbaycan böyük qələbə qazanmağı bacarıb:
“Ukrayna Silahlı Qüvvələrinin zabiti kimi qardaş Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində qələbənin ikinci ildönümü münasibətilə təbrik etmək istərdim. Xatırladım ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələri bir zamanlar işğal altında olan əraziləri azad etməyi və ölkənin ərazi bütövlüyünü bərpa etməyi bacarıblar. Bu illər ərzində ukraynalılar Azərbaycan xalqının vətəni, azadlığı uğrunda mübarizəsini narahatlıq və həyəcanla izləyirdi”.
O vurğulayıb ki, Azərbaycan xalqı uzun illər ərzində ədalətsizliyə, işğala və beynəlxalq ictimaiyyətin laqeydliyinə qarşı mübarizə aparıb:
“Bu illər ərzində beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı heç bir addım atmayıb. Yalnız Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli addımları, həmçinin Türkiyə, Pakistan, İsrail, Ukrayna və sair ölkələr daxil olmaqla, müttəfiqlərin siyasi dəstəyi sayəsində Azərbaycan lazımi nəticə əldə edib. Ukrayna Silahlı Qüvvələrinin zabiti kimi Azərbaycan xalqının qürur, sevinc hissini yaxşı anlayıram. Bundan başqa canından keçən qəhrəmanlarla bağlı kədərinizi bölüşürük”.
Ötən il ukraynalı ekspertlərlə birlikdə Azərbaycana səfər etdiyini bildirən Berezovets qeyd edib ki, ölkəmizin bir çox şəhərlərində olub, azad edilmiş ərazilərə səfər ediblər:
“Biz işğalın nəticələrini, Azərbaycan xalqına qarşı soyqırımı, müharibə cinayətlərini gözlərimizlə gördük. Azadlığı, müstəqilliyi uğrunda mübarizə aparmış Azərbaycan xalqı bizdə dərin təəssürat oyatdı. Bu, Ukrayna xalqı üçün nümunədir. Ukrayna hazırda qorxunc şər qüvvə, “raşizm” ideologiyası, Rusiya işğalı ilə mübarizə aparır. Biz Cənubi Qafqazdakı qardaşlarımızın dəstəyini hiss edirik. Buna görə Azərbaycan xalqına minnətdarıq. Sizin qələbəniz bizi ilhamlandırır, qələbə qazanacağımızla bağlı bizə əminlik verir. Yaşasın Azərbaycan və Ukrayna xalqlarının dostluğu!”-deyə, o əlavə edib.
Ukrayna ordusunun şərq cəbhəsi üzrə döyüş komandirlərindən biri Roman Solohub isə “Report”un Şərqi Avropa bürosuna deyib ki, Azərbaycan suverenliyini öz gücü ilə bərpa edərək bir nümunə göstərdi:
“Azərbaycanın öz torpaqlarının suverenliyi uğrunda İkinci Qarabağ müharibəsində qələbənin 2-ci ildönümünü qeyd edir. Mən, Donbasın və qalan Ukrayna ərazilərinin Rusiya işğalçılarından azad edilməsi uğrunda mübarizə aparan donetskli komandir, hərbçi olaraq, azərbaycanlı həmkarlarıma bu münaqişəni uzatmağa imkan verməməyi, işğalçılarla bağlı yerdə qalan problemi dərhal, vaxt itirmədən və uzatmadan həll etməyi arzu edirəm. Azərbaycan Ordusu öz qüdrəti ilə buna qadirdir. Qələbəyədək birlikdəyik!”,- R.Solohub vurğulayıb.