Azərbaycanın İranla sərhədə yaxın ərazilərdə keçirdiyi hərbi təlimlər davam edir
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlim planına əsasən hərbi hissələr həyəcan siqnalı ilə qaldırılıb.
Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib. Digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib. Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcək. Qeyd edək ki, təlim çərçivəsində xüsusi təyinatlı bölmələrin müəyyən xüsusi hazırlıqları üzrə ayrıca yoxlamalar keçirilir.
Təlimin ilk günü Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissələri ilə keçirilən təlimin növbəti mərhələləri üzrə tapşırıqlar icra edilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib. Aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra edilib.
Plana uyğun olaraq xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yoxlanılır. Xüsusi təyinatlıların təlimi davam edir. Qeyd edək ki, oktyabrda İran İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələri Azərbaycan sərhədinin yaxınlığında miqyaslı təlimlər keçirib. Bu təlimlər İran generallarının Azərbaycanın ünvanına hədə dolu bəyanatları ilə müşayiət olunub.
Rövşən Məhərrəmov
Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan dövləti öz sərhədlərinin daxilində istənilən ərazisində hərbi qüvvələrinin təlimini keçirmək hüququna malikdir. Xüsusi Təyinatlı Qüvvələrin hərbi təlimləri plan əsasında vaxtaşırı keçirilir: “Bu dəfə təlimlərin ölkənin cənub sərhədlərinə yaxın yerlərdə keçirilməsi də təbiidir. Tehran rejimi əgər bu təlimləri Azərbaycana qarşı hədyanlara cavab kimi qiymətləndirəcəksə, qiymətləndirsinlər. İran bilməlidir ki, artıq 1990-cı illərin əvvəlləri deyil, Azərbaycan qüdrətli qalib dövlətdir. Tehran rejimi 21-ci əsrin müasir ordusunun xüsusi təyinatlılarının təliminin necə olduğunu görəcək. İran silahlı qüvvələrinin bizim sərhədlərimizdə keçirdiyi təlimlərlə, Azərbaycan Xüsusi Təyinatlılarının təlimlərini hər kəs, o cümlədən Tehran müqayisə edəndə çox şey aydın olacaq. İran düşünməməlidir ki, böyük ölkə olduğu üçün ordusunun imkanları da müasir tələblərə cavab verir. Müasir tələblərə cavab verən hərbi qüvvənin əslində hansı olduğu bizim Xüsusi Təyinatlıların təlimlərindən bəlli olacaq. Keyfiyyət sayla yox, güclə, peşəkarlıqla ölçülür. Onu da deyim ki, Azərbaycanın digər qoşun növlərinin də Araz boyu ərazilərimizdə plana uyğun təlimləri müntəzəm keçirilir. İndi isə Xüsusi Təyinatlı Qüvvələrimiz təlimə başlayıb”.
Əziz Əlibəyli
Siyasi ekspert Əziz Əlibəyli isə bildirib ki, general Hikmət Mirzəyevin rəhbərlik etdiyi Xüsusi Təyinatlı Qüvvələrin ölkəmizin cənub sərhədində təlimə başlaması İranda əsl şok effekti doğurub: “Ona görə də İran telegram kanalları Azərbaycanın cənub rayonlarında yaşayan dindar əhalimizə müraciət hazırlayıblar. Orada qeyd edilir ki, əgər Azərbaycan əsgəri silaha əl atarsa, qarşısında sipər olun. Maraqlıdır ki, "İslamic World News" adlı telegram kanalından yayılan iddialara cavab olaraq cənubdakı soydaşlarımız cənub bölgəsindən şəhid olanların fotolarını paylaşıb".
“İranla münasibətlərin elə bir nöqtəsinə gəlib çıxmışıq ki, bundan sonra hətta sözdə normal mehriban qonşuluq münasibətlərinin davamı çətin olacaq”. Politoloq Elxan Şahinoğlu İran-Azərbaycan münasibətlərində baş verən gərginliyi şərh edərkən bildirib: “Tehran Azərbaycanla münasibətlərdə bütün qırımızı çizgiləri aşıb, bu ölkənin rəsmilərinin, diplomatlarının, deputatlarının və hərbçilərinin Azərbaycan əleyhinə davamlı açıqlamaları, sərhəddə hərbi təlimlər, qonşu ölkənin kəşfiyyat strukturlarının Azərbaycan ərazisində artan fəallığı və digər faktlar iki ölkə arasındakı münasibətlərdə dərin çat yaradıb”.
E.Şahinoğlu bildirir ki, rəsmi Bakı da təxribatları cavabsız qoymayıb: “Prezident İlham Əliyevin "Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyi diqqət mərkəzimizdədir" açıqlaması, azərbaycanlı deputatların İranın təxribatlarına adekvat cavabları, Güney Azərbaycan mövzusunun aktuallaşması, hətta Azərbaycan Dövlət Televizya kanalında bununla bağlı reportajların yayımlanması və Azərbaycan ərazisində İran kəşfiyyatına bağlı şəxslərin həbs edilməsi buna misaldır. İranda rejim dəyişməyənə və ya Tehranın xarici, o cümlədən təhlükəsizlik siyasətində köklü dəyişikliklər baş verməyənə qədər iki ölkə arasındakı münasibətlərin normallaşması mümkün deyil".