Pilotsuz uçan aparat və pilotsuz yerüstü vasitənin ilk inteqrasiyası...

Pilotsuz uçan aparat və pilotsuz yerüstü vasitənin ilk inteqrasiyası... backend

Türkiyənin HAVELSAN şirkəti Bakıda keçirilən ADEX-2022 sərgisində BARKAN pilotsuz quru platformasını təqdim etmişdi. Hazırda şirkətin BARKAN insansız quru platformasını yaxın zamanda Azərbaycanda sınaqdan keçirəcəyi məlumdur.

HAVELSAN gələn il Azərbaycanda istehsalata da başlaya bilər. Hazırda təkliflər Azərbaycan tərəfindən dəyərləndirilir. Bütün bunları nəzərə alaraq oxuculara istehsalçı HAVELSAN şirkəti və onun məhsulları, xüsusilə də  BARKAN pilotsuz yerüstü vasitələri barədə məlumat veriləcək.

 

İstehsalçı

 

HAVELSAN 1982-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Fondunun tərkibində yaradılıb. Şirkət təkcə müdafiə, təhlükəsizlik və İT sahələrində texnologiyaları inkişaf etdirməklə kifayətlənmir, həm də özünün yüksək texnologiyalı proqram həllərini hazırlayır və simulyatorlar istehsal edir. HAVELSAN həmçinin yeni nəsil texnologiyalar, xüsusilə də süni intellektlə əlaqəli məhsullar, layihələr və sistemlər hazırlayır. 

 

Təyinatı və imkanları

 

BARKAN maşınları yüklərin daşınması və ya yedəklənməsi, yaxından mühafizənin təmin edilməsi, silahlı kəşfiyyatdan mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə qədər müxtəlif vəzifələri yerinə yetirmək qabiliyyətinə malikdir. Mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi məqsədi ilə robota əlavə qol inteqrasiya edilir. 

BARKAN robotu hərbi qulluqçuların olmadığı mühitlərdə təhlükəsiz bölgə hazırlamaq üçün də istifadə olunur. Robotun müxtəlif PUA, silah və lazer sistemləri ilə inteqrasiyası mümkündür. PUA müxtəlif hündürlükdən kəşfiyyat məlumatlarını toplayıb robota göndərir. Yaralı daşımaq üçün də istifadə oluna bilən sistem insanları izləmək, onların ardınca hərəkət etmək qabiliyyətinə də malikdir. Yəni robot operatorun müəyyən etdiyi şəxsi izləyə bilir.

Robot patrul xidməti həyata keçirmək xüsusiyyətinə malikdir. Bir neçə vasitə bir-birilə qarşılıqlı əlaqədə hərəkət edərək patrul missiyasını da yerinə yetirə bilər. Bu imkanlardan xüsusilə sərhəd təhlükəsizliyinin təmin edilməsində istifadəsi daha məqsədəuyğundaur. Robot sərhəd koordinatlarına əsasən öz hərəkət zolağını da formalaşdıra bilir. 

Robot həm də “3D mapping” xüsusiyyətinə malikdir. O, hərəkət etdiyi bölgənin 3D formatında xəritəsini çıxararaq onu əlaqədə olduğu şəxslərə göndərə bilir. Robotu 80 kilometrə qədər məsafədən idarə etmək mümkündür. 

 

Sınaqları

 

BARKAN maşınlarının son sınaqları keçən ilin avqust ayında başa çatıb. Bu ilin mart-aprel aylarında istehsal edilən ilk nümunələri artıq  Türkiyə Silahlı Qüvvələri tərəfindən uğurla sınaqdan keçirilib. Sahədən gələn rəylərə əsasən BARKAN müəyyən dəyişikliklərə məruz qalıb. Bəzi təkmilləşdirmələr də həyata keçirilib. 

 

Pilotsuz uçan aparatla və pilotsuz yerüstü vasitənin ilk inteqrasiyası

 

Bu il Bakıda keçirilən ADEX-2022 sərgisində Türkiyənin HAVELSAN şirkəti BARKAN robotu ilə bərabər BAHA pilotsuz vasitəsini də təqdim etmişdi. 

 

//www.youtube.com/watch?v=ixdJG7Cut8g

 

HAVELSAN şirkətinin kəşfiyyat üçün nəzərdə tutulan BAHA PUA-ları, avtonom hərəkət etməklə, bulud altı hündürlükdə uçmaqla bərabər BARKAN robotu ilə birlikdə əməliyyat həyata keçirə bilir. Hər iki platforma bir-birilə inteqrasiya olunmuş şəkildə işləyə bilir.

 

BAHA PUA-ları iki növ mühərriklə təchiz edilib. Benzinlə işləyən mührriklə PUA 6 saat havada qala bilir, elektrik mühərrik isə 2 saat havada qalmanı təmin edə bilir. Elektrik mühərriklə 10 min fit, benzin mühərriklə 15 min fit yüksəkliyə qalxa bilir. PUA 30 kiloqram çəkiyə malik olmaqla 5 kiloqram faydalı yük daşıya bilir. 

 

Şirkətin digər məhsulları

 

HAVELSAN şirkəti tərəfindən hazırlanan “Kapgan” döyüş robotları  oktyabrın 25-də İstanbulda keçirilən SAHA EXPO-da təqdim edildi. “Kapgan” 30 mm-lik silah qülləsinə malik olmaqla BARKAN-dan daha ağırdır.  Onun  çəkisi 1400 kiloqramdır. “Kapgan” 600 kiloqram faydalı yükü daşıya bilir. Sahədə saatda 25 kilometr sürətlə hərəkət edə bilən sistem elektrik mühərriki sistemi ilə 6 saat fasiləsiz işləyə bilir. “Kapgan” üçün ən vacib məsələlərdən biri də daşıdığı 30 mm-lik topdur. Sistem yüksək atəş gücü ilə quru qüvvələrə ciddi atəş dəstəyi verə bilir. 

HAVELSAN şirkətinin və “Yonca Onuk” gəmiqayırma zavodunun əməkdaşlığı ilə inkişaf etdirilən “Sancar” insansız dəniz platfoması da bu ilin sentyabrında ilk sınaqlarını uğurla başa vurub.

HAVELSAN tərəfindən hazırlanmış tamamilə yerli və operatorsuz Sahil Müşahidə İdarəetmə Sistemi (SMİM) Türkiyənin ərazi sularında insan qaçaqmalçılığı, sərhəd pozuntuları və dəniz nəqliyyatının bütün qeyri-qanuni fəaliyyətlərini izləməyə imkan verir.

2007-2011-ci illərdə Türkiyədə 16 yeni tipli patrul gəmisi inşa edilib. Əsas subpodratçı, sistem təchizatçısı və əsas inteqrator kimi HAVELSAN bu layihədə mühüm rol oynayıb.

HAVELSAN şirkəti milli resurslarla gəmi məlumat paylama sistemi və sualtı məlumat paylama sistemini (GVDS/DBDS) hazırlayıb. Bu sistem Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilən MİLGEM sinfinə məxsus korvetlərdə istifadə olunacaq.

 

Şirkətin ənənəvi məhsullarının sifarişçiləri

 

Gəmilərin və digər platformaların komanda idarəetmə sistemləri və döyüş idarəetmə sistemləri baxımından dünyada nadir şirkətlər arasında yer alan HAVELSAN haırda Azərbaycan, Ukrayna və Pakistanla müqavilələr imzalayıb. Şirkətin Malayziya ilə danışıqları davam edir. İndoneziya ilə 4-5 müqavilə bağlayıb, daha bir neçə razılaşma gözlənilir. Qətərlə müqavilələr bağlanılıb, Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar davam edir.

Azərbaycanın HAVELSAN ilə əməkdaşlığı tək BARKAN ilə məhdudlaşmır. HAVELSAN şirkətinin Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı Araşdırma Mərkəzi Komandanlığı ilə birlikdə hazırladığı “Advent” Döyüş İdarəetmə Sistemini (SYS) Azərbaycanın yeni inşa edilən dəniz patrul gəmilərində tətbiq edəcəyi də gözlənilir.  BARKAN bir çox sahədə, xüsusilə əməliyyatın müvəffəqiyyətinin artırılmasında, itkilərin qarşısının alınmasında və əməliyyat xərclərinin azaldılmasında ərazi personalının mühüm köməkçisidir.

 

Taktiki-texniki xüsusiyyətləri

 

Maksimum sürət: >12 km/saat

Ölçüləri: 140 cm x 90cm x 110 cm

Çəkisi: ~ 500 Kg

İş vaxtı: 8 saat

Üstün cəhətləri

7.62 mm silah sistemi

Robot qolu

Bomba zərərsizləşdirmə imkanı

CBRN (Kimyəvi, Bioloji, Radioaktiv və Nüvə) missiya sistemi

Yük daşıma/dartma

Gündüz/gecə kəşfiyyatı

3D Xəritəçəkmə

Xilasetmə vəzifələri

Avtonom fəaliyyət

Avtonom patrul

GPS ilə müstəqil fəaliyyət

Bağlantı itkisi zamanı bazaya qayıdış

Liderin təqibi

Maneələrdən yayınma

Hərəkət mümkün olan ərazinin aşkarlanması

Marşrutun planlaşdırılması

Kiçik portativ dizayn

Tam elektrikli hərəkət sistemi

Sürü tərkibindəi fəaliyyət imkanları

 

Nəticə

 

Quru qoşunları üçün dünyada təhlükəsizlik təhdidlərinin tezliyi və müxtəlifliyinin  artdığı bir dövrdə avtonom pilotsuz quru nəqliyyat vasitələri həm uzaqdan idarəetmə, həm də sensor sistemlər vasitəsi ilə ətraf mühiti tədqiq etməsi, döyüş meydanlarının tələbləri çərçivəsində mina təmizləmə, kəşfiyyat, müşahidə və pilotsuz vasitələrin sursat daşınması kimi vacib vəzifələri yerinə yetirməsi, müasir texnologiyanı hərbi hissələrə inteqrasiyasını qaçılmaz edir. Müxtəlif ehtiyaclar üçün müxtəlif ölçülərdə və konfiqurasiyalarda mövcud olan pilotsuz quru döyüş maşınları hazırda bir çox fərqli vəzifələri yerinə yetirə biləcək keyfiyyətlər qazanıb.

 

Proseslərə bu prizmadan baxdıqda, qardaş Türkiyənin müasir pilotsuz vasitələri Azərbaycanın təhlükəsizlik orqanları üçün mühüm əhəmiyyət daşıyır. Bu vasitələrin məşhur istehsalçılarından biri olan HAVELSAN Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir, 2-ci Qarabağ müharibəsindən sonra isə bu əməkdaşlıq daha da intensivləşib, il yarım əvvəl isə  Azərbaycan nümayəndəliyi yaradılıb. 

 

Türkiyə Silahlı Qüvvələrində hazırda istismar edilən BARKAN ilə Malayziya, İndoneziya, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Pakistan, Ukrayna ilə bərabər Azərbaycan da  maraqlanır. 5-6 ay əvvəl meydana çıxan BARKAN maşınlarının ikinci istifadəçisi Azərbaycan ola biləcəyi ehtimalı böyükdür. Bu məqsədlə BARKAN-ın Azərbaycan ərazisində sınaqları nəzərdə tutulur. Sınaqların nəticələrinə görə satınalma, sonrakı perspektivdə isə birgə istehsal müqaviləsi imzalana bilər. 

 

BARKAN gələcəyin əməliyyat bölgələrində uzaqdan idarəetmə və avtonom missiya imkanları ilə hərbi hissələrin də yaxın həmkarı olacaq. BARKAN sürü infrastrukturu sayəsində tək mərkəzdən digər quru və hava nəqliyyat vasitələri ilə birgə əməliyyatlar həyata keçirilə bilər. BARKAN üstün avtonom xüsusiyyətləri və müxtəlif faydalı yüklərin birləşdirilə biləcəyi modul dizaynı sayəsində çoxməqsədli missiyalarda istifadə üçün də yararlıdır.

 

BARKAN robotlarının yüklərin daşınması və ya yedəklənməsi, yaxından mühafizənin təmin edilməsi, minaların zərərsizləşdirilməsi, kəşfiyyat və müşahidə kimi vəzifələr üçün uyğun şəkildə hazırlandığını nəzərə alsaq, 

 

BARKAN Azərbaycanın müxtəlif güc strukturları tərəfindən fərqli vəzifələrin yerinə yetirilməsində uğurla istifadə oluna biləcəyini iddia edə bilərik. 

 

Türkiyənin müdafiə sənayesinin demək olar ki, fasiləsiz olaraq yeni-yeni nailiyyətlərə imza atması və bu unikal nailiyyətlərdən Azərbaycanın təhlükəsizlik orqanlarının yetərincə yaralanmaq imkanı, yerli müdafiə sənayemizin inkişafı baxımından müsbət addımdır. Ümid edirik ki, bizim yerli müdafiə sənayesi şirkətləri də qardaş ölkənin mövcud sürətli istehsal təcrbəsindən yararlanaraq yaxın perspektivdə silah bazarının müasir tələblərinə uyğun olan ixrac potensiallı silah sistemlərini hazırlamaqla bu sahəyə ayrılan dövlət vəsaitlərini geri qaytarmaq üçün unikal imkanlar əldə edəcək.  

 

Ədalət Verdiyev, hərbi ekspert

moderator.az

Diaspora