Bu il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyidir. Yubileylə bağlı qurumun sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cəlil müəllim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik fəaliyyətini necə dəyərləndirirsiniz?
-Təbii ki, 35 il bir təşkilat üçün heç də az müddət hesab edilə bilməz. Bizim üçün qürurvericidir ki, ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılan bu təşkilat əsl veteran evi, veteran ocağı kimi fəaliyyət göstərib, veteranların, o cümlədən xalqımızın, dövlətimizin ona olan ümidlərini doğrulda bilib. Bu müddətdə təşkilatımız təkcə ölkəmizdə deyil, respublikamızın hüdudlarından kənarda da onlarca böyük layihələr həyata keçirib. Azərbaycan veteranlarının dünya veteranlar hərəkatında öz dəst-xətti ilə seçilməsi təmin olunub. Bütün bunlar ulu öndər Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dəstəyi və qayğısı sayəsində mümkün olub. Bir sözlə, hesab edirəm ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik fəaliyyəti qənaətbəxşdir və tarixi uğurlarla yadda qalıb.
- Bu gün ölkəmizdə veteranlarla, müharibə əlilləri və şəhid ailələri ilə bağlı bir çox təşkilatlar fəaliyyət göstərir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını onlardan fərqləndirən, ona özünəməxsusluq və bənzərsizlik qazandıran nədir?
- Təşkilatımızın özünəməxsus xüsusiyyətlərindən biri onun, sadəcə, müharibə veteranlarını deyil, həm də əmək və Silahlı Qüvvələr veteranlarını əhatə etməsidir. Yəni, burada bütün kateqoriyadan olan veteranlar cəmləşib. Müharibə veteranlarımız arasında isə İkinci Dünya müharibəsində, Əfqanıstan müharibəsində, Birinci və İkinci Qarabağ müharibələrində, eyni zamanda, 2016-cı ilin Aprel döyüşlərində, habelə müxtəlif müharibələrdə iştirak edən çoxsaylı veteranlar yer alır.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını digər qurumlardan fərqləndirən mühüm xüsusiyyət onun fəaliyyətinin bütün respublikanı əhatə etməsidir. Bu gün respublikamızın demək olar ki, bütün rayonlarında təşkilatımızın yerli qurumları fəaliyyət göstərir. Onların hər biri ofislə təmin edilib və yerlərdəki veteranlarla fəal iş aparır. Veteranların qayğı və problemlərinin öyrənilməsi, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi prosesində onların yaxından iştirakının təmin edilməsi, dövlət siyasətinin dəstəklənməsi, milli maraqlarımızın müdafiəsi və digər bu kimi məsələlərdə veteranların avanqard qüvvə kimi aparıcı mövqeyinin təmin edilməsi yerli təşkilatlarımız tərəfindən uğurla həyata keçirilməkdədir. Təşkilatımız üçün xarakterik olan mühüm özəlliklərdən biri də onun beynəlxalq müstəvidə uğurla fəaliyyət göstərməsi, geniş beynəlxalq əməkdaşlıq əlaqələri qurmasıdır. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dünyanın bir sıra ölkələrinin veteranları, o cümlədən beynəlxalq veteran təşkilatları ilə geniş əlaqələr qurub. Bu da dünya veteranlar hərəkatında uğurla təmsil olunmağımızı, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını təmin edir.
- Cəlil müəllim, bütün cəmiyyətlərdə nəsillər arasında bağlılığın, mənəvi birliyin güclü, sarsılmaz olması həm cəmiyyətin birliyi, bütövlüyü, həm də milli tarixi yaddaşın yaşadılması baxımından vacib hesab edilir. Respublika Veteranlar Təşkilatı yaşlı nəsillə gənc nəsil arasında bu birlik və harmoniyanın güclənməsi istiqamətində nə kimi addımlar atıb?
- Bu, hər zaman təşkilatımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir. Təkcə bir faktı qeyd edim ki, 2021-ci il oktyabrın 1-də Bakı Konqres Mərkəzində təşkilatımız tərəfindən “Nəsillərin görüşü” adlı böyük konfrans təşkil edilib. Konfransda həm gənclər, həm də bütün kateqoriyadan olan veteranlar iştirak edirdilər. Bundan başqa, 2021-2022-ci illərdə respublikamızın bir sıra bölgəsində təşkilatımız tərəfindən həmin mövzuda silsilə tədbirlər keçirilib. Bu konfranslarda veteranların, gənclərin, şəhər ziyalılarının onlarca nümayəndəsi çıxış edib, aktual məsələlər ətrafında açıq diskussiyalar aparılıb. Bütün bu görüş və konfranslarda səslənən fikirlərin ümumiləşdirilməsi bir daha göstərib ki, yaşlı və gənc nəslin bir-biri ilə qırılmaz tellərlə bağlanması olduqca vacibdir. Gənclik o zaman güclü, o zaman yenilməz olur ki, öz keçmişindən güc alır, öz tarixini, babasının, atasının keçdiyi mübarizə yolunu bilir, onların qəhrəmanlığından dərs alır. Bu baxımdan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclərlə yaşlı nəsil arasında mənəvi bağların güclənməsinə xüsusi önəm verib.
Onu da qeyd edim ki, Respublika Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıqda da məqsəd daha dolğun, daha vətənpərvər, mənəvi dəyərlərə daha dərindən bağlı olan gəncliyin formalaşmasına töhfə verməkdir. Məhz bu məqsədlə 2022-ci il iyulun 8-də birgə təşkilatçılığımızla əməkdaşlıq forumu keçirilib. Həmçinin bu il avqustun 12-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında 2022-2024-cü illərdə birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi imzalanıb. Gənc və yaşıl nəsil arasında təmasların artırılması, gənclərin ağsaqqallarımızın, veteranlarımızın təcrübəsindən, bilik və bacarığından yararlanmasının təmin olunması bundan sonra da təşkilatımız tərəfindən diqqətdə saxlanılacaq.
- Respublika Veteranlar Təşkilatının 44 günlük Vətən müharibəsi və postmüharibə dönəmindəki fəaliyyətini necə xarakterizə edərdiniz? Bu fəaliyyət nə ilə yaddaqalan oldu?
- 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müstəqillik tarixində, o cümlədən hərb tariximizdə yeni səhifə açdı. Müharibə bütün qurumlar və təşkilatlar, eləcə də fərdlər qarşısında yeni vəzifələr qoyub. Təşkilat olaraq həmin vaxt qarşımızda duran ən başlıca vəzifə Ali Baş Komandanın ətrafında veteranların sıx birləşməsinə təkan vermək, dövlətimizə, ordumuza dəstək nümayiş etdirmək, düşmənin dezinformasiyalarını ifşa etmək, daxildəki birlik və həmrəyliyin möhkəmlənməsinə təkan vermək idi. Bu məqsədlə Vətən müharibəsi dönəmində təşkilatımız beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat əldə etməsinə nail olmaq üçün informasiya müstəvisində geniş fəaliyyət göstərib, cəmiyyətdə geniş təbliğat işi aparıb, döyüşən orduya, o cümlədən şəhid və qazi ailələrinə dəstək kampaniyalarında yaxından iştirak edib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı postmüharibə dönəmində də Ermənistanın terror və təxribatçılıq siyasətinə qarşı fəal mübarizə aparıb, bununla bağlı beynəlxalq təşkilatlara, dünya veteranlarına, qabaqcıl dövlətlərə müraciətlər ünvanlayıb. Nümunə olaraq qeyd edim ki, 2021-ci il iyunun 4-də Ermənistanın mina terroru, 2022-ci il sentyabrın 13-də isə erməni təxribatı ilə bağlı müvafiq bəyanatlarla çıxış edib, bütün dünyanın, eləcə də dünya veteranlarının, beynəlxalq təşkilatların diqqətini erməni vəhşiliklərinə cəlb edib. Həmin bəyanat təşkilatımız tərəfindən müxtəlif xarici dillərə tərcümə edilərək veteran.gov.az saytında yerləşdirilib, həmçinin müxtəlif beynəlxalq təşkilatlara, diplomatik korpuslara göndərilib. Təşkilatımız bu gün də erməni yalanlarına qarşı mübarizə aparır və bu mübarizədə veteranların bilik və bacarığından, təcrübəsindən uğurla istifadə edir. 35 illik yubileyimizi qalib Azərbaycanın veteranları olaraq keçirməkdən şərəf duyuruq.
-Yaxın gələcəklə bağlı planlarınız nədən ibarətdir? Hansı layihələr və planlar haqqında düşünürsünüz?
- Bu il Prezident İlham Əliyevin 2022-ci il 5 yanvar Sərəncamı ilə “Şuşa İli” elan edilib və biz də veteranlarla birlikdə mədəniyyət paytaxtımıza səfər etdik. Şuşa, onun tarixi, mədəniyyəti, ermənilərin 30 illik işğal dövründə bu şəhərdə törətdikləri vəhşiliklər haqqında həm yerli, həm də xarici mediaya açıqlamalar verdik. Təşkilatımızın Şuşa ilə bağlı hazırladığı xəbərlər bir sıra media orqanlarında geniş şəkildə işıqlandırıldı. İlin sonuna kimi Şuşamızın təbliği, onun zəngin mədəniyyətinin dünyaya tanıdılması istiqamətində səylərimizi davam etdirəcəyik.
Gələn il isə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd ediləcək. Bu müstəvidə də bir sıra layihələr həyata keçirməyi düşünürük. Məqsədimiz Heydər Əliyev ideyalarını gənclərə çatdırmaq, onların Ulu Öndərin işıqlı ideyaları, xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri haqqında daha dolğun təsəvvür əldə etməsinə nail olmaqdır. Veteranları düşündürən, narahat edən problemlərin müəyyən edilərək əlaqədar dövlət orqanlarının diqqətinə çatdırılması, onlarla müvafiq qurumlar arasında əlaqənin təmin edilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində qəhrəmanlıq göstərən hərbçilərimizin, həlak olan şəhidlərimizin döyüş yolunun təbliğ edilməsi, onların cəmiyyətə tanıdılması və s. istiqamətdə səylərimizi davam etdirəcəyik. Ümid edirəm ki, bu il olduğu kimi 2023-cü ildə də veteranlarımız cəmiyyətin ictimai həyatında yaxından iştirak edəcək, Azərbaycanımızın inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər.