Ordumuz düşmən təxribatına ilk dəqiqələrdən layiqli cavab verib - Cəlil Xəlilov

Ordumuz düşmən təxribatına ilk dəqiqələrdən layiqli cavab verib - Cəlil Xəlilov backend

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Azərbaycan Ordusu düşmən təxribatının qarşısını almaq üçün zəruri cavab tədbirləri həyata keçirib.

Bununla bağlı AZƏRTAC-a açıqlamasında Ermənistanın son təxribatlarına münasibət bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının Ordusunun yanında olduğunu bildirib, onu qətiyyətlə dəstəklədiyini vurğulayıb: “Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyır. Ümumiyyətlə Ermənistan postmüharibə dövründə Azərbaycana qarşı çoxsaylı təxribatlar törədib ki, sentyabrın 12-dəki irimiqyaslı təxribat bu təxribatların məntiqi davamıdır. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi bilməlidir ki, onlar bu kimi təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Əksinə, belə təxribatlar Ermənistanın özü üçün acı nəticələrə səbəb olacaq. Artıq rəsmi məlumatlardan da göründüyü kimi, Azərbaycan Ordusu düşmən təxribatına elə ilk dəqiqələrdən layiqli cavab verib, bu təxribatların qarşısının alınması üçün qətiyyətli addımlar atıb”.

Polkovnik qeyd edib ki, hazırda yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusu Ermənistanın təxribatlarının, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər görür. Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır. Əks təqdirdə Ermənistanın təxribatları davam edəcək. Ermənistan sülhə məcbur edilməlidir, bu ölkədə revanşizmin baş qaldırmasına imkan vermək olmaz.

“Azərbaycan xalqı erməni təxribatını lənətləyir və bu təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusunun atdığı cavab addımlarını dəstəkləyir. Qırx dörd günlük Vətən müharibəsində olduğu kimi, xalqımız bu gün də öz şanlı Ordusunun, onun Müzəffər Ali Baş Komandanının yanındadır. Heç bir təhdid, heç bir təxribat Vətən müharibəsinin gətirdiyi status-kvonu dəyişə, Azərbaycanı geri çəkilməyə, güzəştə getməyə vadar edə bilməz. Ordumuz tərəfindən dövlətimiz və xalqımız üçün təhdid yaradan hər bir halın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır.

Yaşasın Azərbaycan Ordusu!”, - deyə hərbi ekspert vurğulayıb.

Diaspora