“Nə qədər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb, kommunikasiya xətləri açılmayıb, sərhəd müəyyənləşməyib, belə gərginliklər davam edəcək”.
Musavat.com-un məlumatına görə, bu fikirləri sentyabrın 13-ünə keçən gecə sərhəddə baş verən hərbi toqquşmanı şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert təəssüflə vurğulayıb ki, rəsmi İrəvan konstruktiv mövqedən çıxış etməyincə, bu kimi gərginliklərin qarşısını almaq mümkün olmayacaq:
“Üstəlik də erməni təxribatları dava edir, Kəlbəcər və Laçını atəşə tuturlar, yollara minalar döşəyirlər. Müharibədən iki il ötüb, amma Ermənistan hakimiyyətinin siyasətində dəyişən bir şey yoxdur. Bu da bölgədə gərginliyin artmasına şərait yaradır”.
E.Şahinoğlu qeyd edib ki, ötən iki il ərzində Ermənistanla bu qədər danışıqlar, müzakirələr aparılıb, amma heç bir nəticə əldə olunmayıb:
“Görünür, Ermənistan bu məsələnin həllini uzatmaqla məşğuldur. Amma Azərbaycan qəti tədbirlər görür, addımlar atır. Növbəti gərginlikdən sonra Paşinyan İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə də hamıya zəng edir ki, Azərbaycanı durdurun. İkinci Qarabağ müharibəsində bu üsul işləmədi. Paşinyan fikirləşirdi ki, bununla həll yolunu tapa bilər”.
Politoloq hesab edir ki, mövcud gərginlik uzun müddət davam edəcək:
“Ta o vaxta qədər Ermənistan Azərbaycanla sülh sazişi imzalasın. Amma sülh sazişini imzalaması üçün də Azərbaycan Ermənistanı güc yolu ilə sülhə vadar etməlidir”.