Bu gün Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda yeni qəbul olan kursantların təntənəli andiçmə mərasimi keçirilib.
Qaziler.az xəbər veir ki, mərasimdə hərbi institutun rəhbərliyi, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəxsi heyət, müəllimlər, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.
Əvvəlcə hərbi orkestrin müşayiəti ilə hərbi institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.
Mərasimdə çıxış edən İnstitutun rektoru general-mayor Füzuli Salahov əlamətdar gün münasibətilə kursantları təbrik edib, onlara hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etmələrini, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə edib.
General-mayor F.Salahov son illərdə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlardan, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsindən, hərbi institutun zabit və kursantlarının Vətən müharibəsində iştirakı barəsində geniş məlumat verib.
Kursantlar adından çıxış edən Raul Quliyev onlara göstərilən etimadı doğruldacaqlarına, Vətənə, dövlətə və xalqa layiqincə xidmət etmək üçün hərb elminin sirlərini dərindən öyrənəcəklərinə söz verib.
Andiçmə mərasimi şəxsi heyətin tribunanın önündən təntənəli keçidi ilə başa çatıb.