Vətən müharibəsi qazisi: "Döyüşlərin şiddətli vaxtı ayağımı itirdim, yaralı halda 5 saat qaldım"

Vətən müharibəsi qazisi: "Döyüşlərin şiddətli vaxtı ayağımı itirdim, yaralı halda 5 saat qaldım" backend

“Vətən müharibəsində iştirak etməyimlə, qalib qazi kimi geri dönməyimlə və gücümüzü dünyaya göstərməyimizlə hər zaman qürur duyuram”.

Bu sözləri “Report”a açıqlamasında Vətən müharibəsi qazisi, baş-leytenant Bəkir Əsgərzadə deyib.

B.Əsgərzadə bildirir ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən istər şəhid ailələrinə, istərsə də müharibə əlilləri və qazilərə xüsusi diqqətin ayrılması hər zaman müşahidə olunub:

“Mən özüm də Vətən müharibəsi iştirakçısı olaraq bu diqqət və qayğıdan kənarda qalmamışam. Bu gün də bunu hiss edirəm”.

Müharibə başa çatdıqdan bir müddət sonra Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində böyük məsləhətçi vəzifəsində işə başlayan keçmiş hərbçi deyir ki, öz üzərində hər zaman dövlətin diqqət və qayğısını görüb.

Etimadı bundan sonra da doğruldacağını və vəzifəsini bundan sonra da məsuliyyətlə icra edəcəyini bildirən B.Əsgərzadə bildirir ki, Azərbaycan dövləti, ordusu və xalqı üçün hər zaman məsuliyyətlə xidmət etməyə hazırdır.

Hələ məktəb yaşlarından hərbiyə olan marağı ilə diqqəti çəkən müsahibim sonradan elə təhsilini də bu istiqamətə yönəldib. Beləliklə, 2009-cu ildə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. Liseyi bitirdikdən sonra isə 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və burada o, hərbi peşənin dərinliklərinə, sirlərinə yiyələnib.

Mühəndis İstehkamçı ixtisası üzrə təhsil aldığını bildirən Bəkir Əsgərzadə 2016-cı ilin iyun ayının 23-də isə leytenant hərbi rütbəsi ilə ordu sıralarında xidmətə başlayıb. Elə o zamandan ta Vətən müharibəsində yaralanana qədər Azərbaycan Ordusunda xidmətini davam etdirib.

Vətən müharibəsi zamanı Talış kəndi, Tapqaraqoyunlu, Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

B.Əsgərzadə döyüşlərin şiddətli vaxtında yaxınlığına düşən top mərmisi nəticəsində ayağından yaralanıb. B.Əsgərzadə mərminin güclü zərbəsi nəticəsində ərazidəki minaların üzərinə tullanıb. Ətrafa səpələnən qəlpələr onun bədəninə dolub. Nəticədə mina partlaması nəticəsində ayağını itirib.

O deyir ki, hadisə baş verəndə özünü itirməyib və qanaxmanın qarşısını almaq üçün ayağını bağlayıb və 5 saat həmin ərazidə qalıb. Daha sonra isə hospitala təxliyə olunub.

B.Əsgərzadə bildirib ki, cərrahiyyə əməliyyatından sonra digər qazilər kimi YAŞAT Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə 15 gün reabilitasiyaya cəlb olunub.

Sonradan protezlə təmin olunduğunu bildirən qazimiz indi çalışdığı Xətai Rayon İcra Hakimiyyətinin rahat şəkildə gəlib-getdiyini, hətta yüngül şəkildə qaça bildiyini də vurğulayıb.

Qeyd edək ki, Bəkir Əsgərzadə 1995-ci ildə Qax rayonunun Zərnə kəndində anadan olub.

Diaspora