Bu gün Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 2 il ötür. Bu münasibətlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2020-ci ilin iyul ayında döyüşlərin baş verdiyi əraziyə - Azərbaycan-Ermənistan dövlət sərhədinə media tur təşkil edib.
Apa-nin Tovuza ezam olunmuş müxbiri xəbər verir ki, media nümayəndələri əvvəlcə N saylı hərbi hissəyə baş çəkib, burada yaradılan şəraitlə yerində tanış olublar.
Media nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi, hissələrdə yaradılan yataqxanalar, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə yaxından tanış olublar.
Məlumat verilib ki, hərbi hissədə xidməti otaqlar kondisioner, mebel, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və elektrik generatorları ilə təchiz olunub. Eyni zamanda, şəxsi heyət daimi isti yemək və məişət xidmətləri ilə də təmin olunur.
Səfər çərçivəsində media tur iştirakçıları döyüş hazırlığının praktiki məşğələsində iştirak ediblər.
KİV nümayəndələri daha sonra hərbi avtobusla Tovuz döyüşlərinin getdiyi əraziyə yola düşüblər. Jurnalistləri Vətənin keşiyində duran hərbçilərimiz qarşılayıb.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində jurnalistlər əvvəlcə Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində baş verən Tovuz döyüşlərinin getdiyi yüksəkliklərin birində yerləşən mövqelərimizə baş çəkiblər. İyul döyüşləri zamanı olduğu kimi, indi də strateji əhəmiyyətə malik olan bu yüksəkliyə Azərbaycan Ordusu nəzarət edir. Postlardan baxanda Ermənistan ordusunun mövqeləri, həmçinin qarşı tərəfin bir neçə yaşayış məntəqəsi aydın görünür. Bu ərazilərdə Azərbaycan Ordusunun əsgərləri 24 saat qarşı tərəfin mövqelərini müşahidə edir. Bir sözlə, Vətənin keşiyində ayıq-sayıq dayanan igidlərimiz qarşı tərəfi daimi nəzarətdə saxlayır.
Şiddətli döyüşlərin getdiyi yerlərdən biri də general-mayor Polad Həşimovun və bir neçə hərbçimizin şəhid olduğu döyüş mövqeyidir. 2020-ci ilin iyul ayının 14-də səhər saatlarında Ermənistan ordusunun bölmələri yenidən təxribata əl atıb. Erməni tərəfinin atdığı mərmilərin bir neçəsi döyüş mövqeyimizə düşüb. Burada xidmət aparan Azərbaycan Ordusunun hərbi qulluqçuları erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar. İndi bu post əsgərlərimizin and yerinə çevrilib.
Tovuz döyüşlərinin getdiyi döyüş mövqeyində xidmət edən Azərbaycan Ordusunun zabiti leytenant Ülvi Sadıqov deyir ki, Tovuz döyüşləri xalqımızın daha bir qəhrəmanlıq salnaməsinə çevrildi: “Görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alındı. Onların müdafiəsinin ön xəttində olan atəş nöqtələri, dayaq məntəqələri, canlı qüvvəsi, müdafiənin dərinliyində olan ehtiyatları, artilleriya qurğuları, yüzədək canlı qüvvəsi məhv edildi. İyul ayının 12-dən 17-dək davam edən qızğın döyüşlərdə mövqelərimizin ələ keçirilmə cəhdinin qarşısı qətiyyətlə alındı və heç bir ərazi itkisi olmadı. Bu döyüşlərdə Silahlı Qüvvələrimiz 12 şəhid verdi. Xalqımız şəhidlərini böyük izdihamla son mənzilə yol saldı. Tovuz döyüşləri xalq-prezident, xalq-ordu birliyinin təcəssümü oldu. Bir növ Tovuzda başlayan döyüşlər Vətən müharibəsi olaraq Qarabağda qələbəmizlə bitdi. Azərbaycan Ordusu yenidən göstərdi ki, Ermənistan silahlı qüvvələri bizim ordumuzun qarşımızda acizdir. Bunu deyə bilərəm ki, mən və tabeliyimdə olan şəxsi heyətin məsuliyyətini birə-beş artıran bir məqam var ki, biz Polad Həşimov və başqa hərbçi yoldaşlarımızın şəhid olduğu postda xidmət edirik. Mən böyük fəxr və fərəh hissi duyuram ki, bu mövqenin müdafiəsi bizə həvalə edilib".
Bilal Bilalov da Tovuz döyüşlərinin getdiyi mövqelərdə xidmət etdiyi üçün qürur duyduğunu deyir: “Tovuz döyüşləri ilə bağlı deyə bilərəm ki, iyul ayının 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək məqsədilə hücum etməyə cəhd göstərib. Qarşı tərəf əvvəlcə yüngül atıcı silahlar, sonra isə müxtəlif çaplı silahlar, eləcə də minaatanlar, ağır artilleriya qurğularından istifadə etməklə, mövqelərimizi və sərhədboyu bir sıra yaşayış məntəqələrimizi (Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü) atəşə tutublar. Bu döyüş mövqeyində onların hücumun qarşısının alınması ilə yanaşı, bizim məqsədimiz hansısa mövqeni, ərazini ələ keçirtmək deyildi. Sadəcə olaraq biz onların hücumun qarşısını aldıq, irəliləməyə imkan vermədik.
Tovuz döyüşləri Azərbaycanın şanlı Zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindəndir. Bu gün də dövlət sərhədində Azərbaycan Ordusunun hərbi qulluqçuları qürurla xidmət edir. Kiçik çavuş Kamran Quliyev də Tovuz döyüşlərinin iştirakçısıdır: “İyul döyüşlərində biz Ermənistan ordusunun torpağımıza girməsinə imkan vermədik. Burada xidmət etmək mənim üçün şərəfdir. Döyüş zamanı biz qorxmadıq. Lazım gəlsə, Vətən uğrunda yenə də savaşmağa, şəhid olmağa hər an hazırıq. Vətənimizin hər guşəsində, xüsusilə də dövlət sərhədində xidmət etmək məsuliyyətli işdir. Ana Vətənin müdafiəsində durduğum üçün qürur duyuram”.
Dövlət sərhədində xidmət edən hərbi qulluqçu Məzahir Əliyev də hər an Vətən uğurunda can verməyə hazırdır: "Burda xidmət etdiyim üçün fəxr edirəm. İyul döyüşlərində biz qürur hissi keçirdik. Qorxmadan mövqelərimizi qoruyub saxladıq”.
Ermənistan ordusundakı vəziyyətdən fərqli olaraq, qürurverici haldır ki, şəhid general və zabitlərimiz tabeliklərində olan əsgərlərlə bir sırada, ön xətdə döyüşüb.
Döyüşlər zamanı yaşayış məntəqələrimizin və qeyri-hərbi obyektlərimizin intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakı və xüsusi mülkiyyətə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyib, bir nəfər mülki şəxs həlak olub.
Daha sonra jurnalistlər Ermənistan ordusunun bölmələri ilə üzbəüz növbəti mövqeyə baş çəkib, hərbçilərimiz üçün yaradılan şəraitlə tanış olublar.
Müddətdən artıq xidmət edən kiçik çavuş Bakir İsmayılov da Tovuz döyüşlərində iştirak edib. O, döyüşdən qalan xatirələrini danışıb: ”General Polad Həşimov bizimlə yuxarı qalxdı, bizimlə çiyin-çiyinə döyüşdü. Bizə dedi qorxmayın, sizin arxanızdayıq. Biz də heç nədən qorxmayaraq döyüşdük”.
Qeyd edək ki, 2020-ci ilin iyul ayının 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək məqsədilə hücum etməyə cəhd göstərib. Qarşı tərəf əvvəlcə yüngül atıcı silahlar, sonra isə müxtəlif çaplı silahlar, eləcə də 60, 82, 120 millimetrlik minaatanlar və ağır artilleriya qurğularından istifadə etməklə mövqelərimizi və sərhədboyu yaşayış məntəqələrimizi (Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü) atəşə tutub.
İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-si axşam saatlarınadək davam edib. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Təəssüflər olsun ki, Ermənistan ordusunun hücumunun qarşısını alarkən döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmalıyov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub. Erməni təxribatları nəticəsində mülki şəxs, 76 yaşlı Əziz Əzizov da həlak olub.
Dinc durmayan Ermənistan bundan sonra da 27 sentyabr tarixində növbəti təxribata əl atdı və Azərbaycanın hərbi-siyasi rəhbərliyi bu təxribatlara və işğala son qoymaq üçün genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsinə qərar verdi. Bu gün də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayon istiqamətində əsgərlərimiz xidmətini uğurla, inamla davam edir.