“Komando tipli hərbi hissələrdə silahlar digərlərinə nisbətən fərqlidir. Burada çətin keçilən ərazilərdə istifadə olunan texnikadan söhbət gedir”.
Bu sözləri Publika.az-a danışan Azərbaycan Ordusunun ehtiyyatda olan polkovniki, hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ekspert vurğulayıb ki, Azərbaycan bir sıra ölkələrdən hərbi avadanlıqlar alıb: “Ölkə başçısı özü də söylədi ki, bu silahlar alınıb və bundan sonra da alınacaq. Azərbaycan Türkiyə, Pakistan, Fransa, İtaliya və Afrika ölkələrindən bir sıra döyüş avadanlıqları alıb. Bunlara rabitə, gecəgörmə və digər sursatlar daxildir. Yəni söhbət hansısa ağır texnikalardan getmir. Müqaviləyə daxil olan silahlar daha çevik əməliyyatlar həyata keçirmək məqsədi daşıyır. Onların bəziləri Hadrut və Kəlbəcərdəki komando hərbi hissələrinə təhvil verilib. Ümumi olaraq bağlanmış müqavilələr əsasında Azərbaycan Ordusuna yeni silahlar və hərbi avadanlıqlar əlavə edilib.