“Məsuliyyəti öz boynuna götürmək o qədər də asan iş deyil, amma mənim də geri çəkilmək fikrim yoxdur...”
Dünən – iyunun 19-da Milli Qəhrəman Şirin Mirzəyev və silahdaşlarının şəhidliklərinin 30 illiyinə həsr olunmuş tədbirdə mirzəyevçi qazi-jurnalist Rey Kərimoğlu 30 il öncə “Xalq ordusu” qəzetində dərc olunmuş bir yazıdan bu günümüzlə səsləşən ibrətamiz parça oxudu. Bu, 1990-cı illərin tanınmış hərbi müxbiri Knyaz Aslanın bəhs edilən qəzetin əməkdaşı kimi 1992-ci il aprelin 30-da həmin vaxt Ağdam rayon ərazi müdafiə alayının komandiri olmaqla yanaşı, həm də rayonun hərbi komissarı olan polkovnik Şirin Mirzəyevdən müsahibəsindən bir epizod idi. Həmin qəzeti şəhid Milli Qəhrəmanın xanımı Flora Qasımova öz arxivindən tapmışdı...
Qaziler.az sözügedən müsahibənin müasir dövr üçün də aktual olan əsas hissələrini Moderator.az-a istinadən təqdim edir:
“General Bərşadlı düz deyirdi, təəssüf ki, sözünü qəribliyə saldılar...”
-Yoldaş komandir, Azərbaycanın bugünkü hərbi vəziyyətini qısaca necə şərh edərdiniz?
-Biz həqiqi hərbi vəziyyyətdən danışmalıyıq. Yadınızdadırsa, general Bərşadlı respublika Ali Sovetinin sessiyasında Milli Ordunun yaradılması üçün iki il vaxt lazım olduğunu bildirmişdi. O, düz deyirdi, təəssüf ki, sözünü qəribliyə saldılar. Əslində, sözün həqiqi mənasında ordu yaratmaqdan ötrü iki illik müddət də azdır. Minimum iki il lazımdır ki, ordu yaradılmasına müəyyən hazırlıq görülsün, xalq ordusunu yaratmağa çalışsın. Yox, əgər biz tələm-tələsik nəsə etmək istəyiriksə, ordu deyil, orduya oxşayan bir şey yaradırıqsa, onda bu məsuliyyəti öz boynuna götürən adamlar lazımdır...
Azərbaycanın bugünkü hərbi vəziyyətini birtərəfli şərh etmək düzgün olmazdı, hərtərəfli təhlil vacibdir. Qəribədir ki, indiki müharibədə qələbə qazanılanda onu hamı bölüşdürmək istəyir, məğlubiyyətə uğrayanda isə hər kəs bir bəhanə ilə yaxasını qırağa çəkir. Xalq məsuliyyəti öz boynuna götürən adamın arxasında durmalı, o isə məğlub olmaqdan belə, qorxmamalıdır. Əgər məğlub olarsa, xalq onu başa düşməlidir. Satqınlıq etməyibsə, döyüşdən qaçmayıbsa, deməli məğlub olmayıb, sadəcə olaraq geri çəkilməyə məcbur olub. Bir də ki, döyüş döyüşdür, burada qələbə də qazanılar, müvəqqəti məğlubiyyət də, uğursuzluq da ola bilər. Ona görə də hər hansı bir hərbi uğursuzluqdan dərhal sonra məsuliyyət daşıyan şəxsi günahlandırmaq yox, həmin məğlubiyyətin səbəblərini araşdırmaq lazımdır. Xalqın etimad göstərdiyi şəxs hərəkətlərinin başa düşüldüyünü və ona ümid bəslənildiyini görüb müharibənin sonrakı mərhələlərində inamla irəliləyəcəkdir. Bu olmasa, deməli, hələ ordumuz tam hazır deyil. Məsuliyyətdən qorxacağıqsa, onda hələ xeyli gözləməli olacağıq...
-Sizin fikrinizcə, azərbaycanlı hərbçilərdən kim bu ağır yükün altına girməyə razılıq verər.? Şəxsən siz belə bir məsuliyyətli yükü üzərinizə götürməyə hazırsınızmı?
-Əgər xalq mənə inanıb arxa durarsa, bütün Qarabağın müdafiəsini öz üzərimə götürərəm...
-Sizə inam böyükdür..
-Narazılıq yaratmasalar...
-Burada kiminlə söhbət elədiksə, sizə dərin məhəbbət və ümid bəslədiyini bildirdi. Həm hərbçilər, həm də mülki vətəndaşlar sizə inamla yanaşırlar. Məncə, bu, əsas şərtdir. Yəni əgər sərkərdəyə, komandirə, orduya inam varsa, qələbə də bir o qədər yaxın olur...
-Əlbəttə, məsuliyyəti öz boynuna götürmək o qədər də asan iş deyil, amma mənim də geri çəkilmək fikrim yoxdur...
-Ağdam rayonu ərazisində xeyli hərbi qruplar və dəstələr var. Onlar müstəqil fəaliyyət göstərirlər, yoxsa Müdafiə Nazirliyinə tabedirlər?
-Bəli, bu bölgədə hərbi dəstələr çoxdur, amma onlar artıq müstəqil fəaliyyət göstərmirlər. Ağdam rayonu ərazisindən yerləşmiş bütün silahlı dəstələr rəsmiləşdirilib, onlara hərbi hissə nömrəsi verilib. Bu hərbi hissələr tam məsuliyyət hiss edirlər. Tabe olmaq istəməyən tapılsa, gec-tez geri çəkilməyə məcbur olacaq. Yəni əgər indiyədək məsuliyyət hiss etmirdisə, qeyri-rəsmi fəaliyyət göstərirdisə və heç kimə hesabat vermirdisə, indi respublika Müdafiə Nazirliyində rəsmən qeydiyyata götürülüb və deməli, hərəkətlərinə də rəsmi qaydada cavab verməlidir. Əks halda meydandan özü çıxmalı olacaq...
-Yoldaş komandir, son vaxtlar döyüşçülərimizin müdafiə mövqeyində dayanması xalq arasında müxtəlif söz-söhbətlər yaradıb. Doğrudan da, müharibə öz torpaqlarımızda gedirsə, kəndlərimiz bir-bir əldən çıxırsa, əhali doğma ev-eşiyindən didərgin salınırsa, şəhidlərimizin, yaralılarımızın sayı gündən-günə çoxalırsa, bir sözlə, murdar ermənilər müqəddəs torpaqlarımıza yiyələnirsə, onda biz nə vaxtacan müdafiə olunmlıyıq?
-Müharibəni müdafiəsiz aparmaq olmaz. Bir də elə məsələlər var ki, hamı onu bilməməlidir. Əgər yaxşı müdafiə olunmasaq, bizdə inam yaranmayacaq, uğursuzluqlar baş verəcək. Müdafiə xətti möhkəm olmasa, müvəqqəti hərbi uğursuzluqlar zamanı hara qədər çəkilmək lazım gəldiyini bilməyəcəyik. Bir də görəcəyik ki, yavaş-yavaş geri çəkilə-çəkilə gedirik. Müdafiə xətti – müəyyən bir səddə qədər çəkilmək deməkdir. Həmin səddən geriyə heç bir halda çəkilmək olmaz. Bəli, hərbi uğur qazananda mövqeyimizi möhkəmləndirib irəli getməliyik, uğursuzluğa düçar olanda isə geriyə çəkilməliyik. Müharibənin, hərbi əməliyyatın qayda-qanunu belədir. Biz bunu müharibənin ilk günlərindən desək də, təəssüf ki, çoxları onun mahiyyətini başa düşmək istəmirdi. Yaxşı ki, indi başa düşürlər. Bu, çox ciddi məsələdir, inam məsələsidir və buna çox ciddi yanaşmaq lazımdır. Bəzi mətləblərin geniş xalq kütlələlərinin bilməsi isə vacib deyil...
Knyaz Aslan, “Xalq ordusu”, 30 aprel 1992-ci il. Ağdam cəbhəsi.
(Davamı var)