Türkiyənin Konya şəhərində keçirilən ənənəvi "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimlərində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları şərti xilasetmə əməliyyatlarını uğurla yerinə yetirib.
Qaziler.az Report-a istinadla xəbər verir ki, əvvəlcə təyyarələrdən paraşütlər vasitəsilə uçuş həyata keçirən hərbçilər təlimdə iştirak edən dövlətlərin (Azərbaycan, Türkiyə, Polşa, Şimali Kipr Türk Respublikası) bayraqlarını səmada dalğalandırıblar.
Daha sonra Azərbaycan pilotlarının iştirakı ilə şərti xilasetmə əməliyyatı keçirilib və şərti düşmən hədəfləri məhv edilib.
Həmçinin Türkiyə arsenalına daxil olan "F-16", "ANKA-S" qırıcı təyyarəsi, "S-70" hücum helikopteri ilə nümunəvi uçuşlar həyata keçirilib.
Taktiki təlimləri iştirakçı dövlətlərin Hərbi Hava Qüvvələrinin komandanlıqları izləyib.
Xatırladaq ki, builki manevrdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir. Təlim mayın 27-dək davam edəcək.