Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat müəssisəsini ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Hərbi attaşelərə müəssisənin fəaliyyəti və istehsal olunan atıcı silahlarla bağlı ətraflı məlumat verilib.
Nümayəndələr müəssisədə istehsal olunan hərbi təyinatlı məmulatların hazırlanma prosesini izləyiblər.
Bildirilib ki, müəssisədə istehsal olunan atıcı silahlar beynəlxalq sərgilərdə nümayiş etdirilməklə yanaşı, ixracı da həyata keçirilir.
Qonaqlar burada, həmçinin istehsal olunan hərbi təyinatlı məmulatlarla bağlı sərgiylə tanış olublar.
Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkili çəkdirilib.