Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Türkiyədəki baş ofisində "Milli texnologiya həmləsi" proqramı keçirilib.
Trend-in məlumatına görə, tədbirdə MÜSİAD nümayəndələri ilə yanaşı "Baykar" şirkətini texniki direktoru Səlcuq Bayraktar da iştirak edib.
O, öz çıxışında yeni nəsil pilotsuz uçuş aparatlarının yaxın gələcəkdə hərb tarixində inqilab edəcəyini vurğulayıb.
"Bayraktar TB2" silahlı PUA-ları dəstələr şəklində uçmaqla hərb doktrinalarını dəyişir. Dünyada silahlı PUA-lar vasitəsilə döyüşlərdə ilk qələbələr türk orduları tərəfindən qazanılıb. İndi isə daha da irəli gedirik. Hərbi gəmilərdən qalxıb-enə bilən PUA-lar və pilotsuz qırıcı təyyarələr hərb sahəsində yeni inqilabi addımlar olacaq. Hazırda bu texnologiyalar üzərində işlər davam edir və indi gördüyünüz qırıcı təyyarələr tarixdə son pilotlu qırıcılar olacaq", - deyə S.Bayraktar bildirib.