2012- ci ilin 13 fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. Ötən 10 ildə Azərbaycanda hərbi sahədə xeyli yeniliklər baş verdi, Azərbaycan 30 ilə yaxın işğal altında qalan ərazilərini hərbi yolla azad etdi. Sözsüz ki, bu dəyişikliklərdə və qazanılan zəfərdə Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də öz payı vardı.
Herbiand.az keçən bu 10 ilə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli ilə nəzər salır:
-2012-ci ilə qədər səfərbərlik xidməti Müdafiə Nazirliyinin bir strukturu kimi fəaliyyət göstərirdi. 10 ilə əvvəl isə yeni bir struktur yaradıldı. Nə idi zərurət?
-Ümummilli lider Heydər Əliyevin başladığı ordu quruculuğunu uğurla davam etdirən Prezident İlham Əliyev 21-ci əsrin Silahlı Qüvvələrini yaratdı. Bu çox uzun sürən və çox əmək tələb edən proses idi. 2012-ci ilə islahatların elə bir mərhələsinə çatdıq ki, yeni bir strukturun qurulması zərurəti yarandı.
Məlumdur ki, Azərbaycanda ordu quruculuğunda mərhələli şəkildə hərbi elmi qanuna uyğun olaraq sistemli məqdsədyönlü şəkildə islahatlar aparılıb, Silahlı Qüvvələrin maddi texniki bazası gücləndirilib, ayrı-ayrı qoşun növlərinin kadrlarının hazırlanması və sturktur islahatları effektiv şəkildə aparılıb. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğunda böyük nailiyyətlər əldə edilib. Vahid komandanlığa əsaslanan nizami ordu yaradılıb, ayrı-ayrı silahlı birləşmələr ləğv edilib və vahid komandanlığa əsaslanan ordu quruculuğu prosesi qüvvətlənib. Dünyanın bir çox ölkələrində kadr hazırlığı prosesi başladılıb, Hərbi Akademiya və hərbi təhsil məktəbləri yaradılıb.
Təsadüfi deyildi ki, Azərbaycan büdcəsinin müdafiə xərcləri Ermənistanın dövlət büdcəsindən yüksək olub. İstənilən məsələdə, istənilən sahəni inkişaf etdirmək birinci onun maddi texniki bazasının güclü olmasından asılıdır.
Bu mənada həm Müdafiə Nazirliyinə, həm Daxili Qoşunlara, həm Dövlət Sərhəd Xidmətinə, həm də sonradan yaradılan Fövqəladə Hallar nazirliyinin hərbi birləşmələrinə diqqət həmişə yüksək olub. Bununla paralel Müdafiə Sənəyaəsi Nazirliyinin yaradılması və müasir silahların istehsalı başladı.
Məhz bu islahatların davamı olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması baş verdi. Bu inqilabi islahat idi. Bu qurumun yaradılmasıyla çağırış məsələsində şəffaflıq yaradıldı. İşlər müasir tələblərə uyğun quruldu.
-Səfərbərlik Xidməti yaradıldıqdan sonra hansı fərqli işlər görüldü?
-Görülən işlərin nəticəsidir ki, bu gün ehtiyatda olan hərbçilərin, şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin elektron reyestri mövcuddur. Bundan əvvəl bu məlumatlar əlyazma formasında saxlanılırdı. Bu proseslər müasirləşdirildi, elektronlaşdırıldı. Müasir elektron baza mövcuddur. İndi dəqiq bilinir ki, Azərbaycanda nə qədər Əfqanıstan müharibəsi əlili, o müharibədə həlak olan şəxs var. Bununla yanaşı Çernobl qəzasında zərərgörmüş şəxslərin dəqiq siyahı və sayı müəyyənləşdirilib. Eyni zamanda Qarabağ müharibəsi iştirakçılarının, şəhidlərinin və ailələrinin, Milli Qəhrəmanlarının, itkin düşənlərinin dəqiq siyahısı tərtib edilib.
Ən əsası isə o idi ki, səfərbərlik resursları dəqiqləşdirildi. Ərazisi işğal altında olan, müharibə şəraitində olan ölkə üçün bu bir nömrəli iş idi. Bizim hansı qoşun növü, ixtisas, yaş kateqoriyası üzrə səfərbərlik resursumuz olduğu, onların harada yaşadıqları, nə işlə məşğul olduqlarının qeydiyyatı aparıldı.
-Bu işlərin qurulması üçün müvafiq kadrlara da ehtiyac vardı yəqin ki...
-Əlbəttə. Bu sahələr üzrə xidmət aparacaq zabitlər əvvəlcə kurslara cəlb edildi. Yerli icra hakimiyyətləri ilə birlikdə müəyyən tədbirlər həyata keçirildi və səfərbərlik hazırlığı istiqamətində ölkədə xeyli iş görüldü.
Ölkədə döyüş qabiliyyətli şəxslərin sayının dəqiqləşməsi və reyestrinin yaradılması işin birinci mərhələsi idi.
Ali Baş Komandan İlham Əliyevin tətbiq etdiyi plana uyğun olaraq, hər il ölkəmizdə irimiqyaslı təlimlər keçirilirdi. Bu təlimlərə həm müxtəlif qoşun birləşmələri, həm də səfərbərliklə çağırılan ehtiyat qüvvələr iştirak edirdi.
Təlimlər Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin tabeliyində olan Daxili Qoşunlarla birgə həyata keçirilirdi.
Ehtiyatda olan on minlərlə hərbi mükəlləfiyyətli bu təlimlərdə səfərbər olunurdu. Bundan əlavə müxtəlif rüblər üzrə Səfərbərlik xidməti tərəfindən onların səfərbərlik hazırlığı yoxlanılırdı. Burada hər şey yoxlanılır və qeydiyyatı aparılırdı. Biz görülən işlərin ən ciddi nümunəsi müharibə ərəfəsində bəlli oldu. müharibə ərəfəsində gördük ki, xalqımız necə səfərbər oldu. Bu səfərbərlikdə Səfərbərliyin təşkilində əsas iki amil var: Bir - Vətənpərvərlik amili; İki - İşin peşəkarlıqla təşkili.
Müharibə başlayandan az sonra ehtiyatda olanlar şəxslər hərbi hissələrə təhvil verildi. Bu çevikliyn əsas səbəbi düzgün qurulmuş iş və əvvəldən hazırlığın düzgün qurulması idi.
Eyni zamanda nəqiliyyat vasitələrinin də səfərbər olunmasını müşahidə etdik. Qeydiyyata görə ambulansların nə qədərinin özəl və dövlət xəstəxanalarında olduğu bəlli idi. Və bu təkcə ambulanslara aid deyil. Misal üçün deyim ki, şəxsi heyəti bir yerdən başqa yerə daşımaq üçün avtobus lazımdır. Qeydiyyata görə artıq boş avtobusun dövlət və ya özəl müəssisədə, fərdi şəxsdə olduğu bilinirdi. Bundan başqa digər nəqliyyat vasitələrinin – yanacaqdaşıma maşınları, yük maşınları, pikaplar və sairənin hamısının dəqiq reyestri mövcud idi. Bu system çox gözəl qurulmuşdu. Vətəndaşlar da öz maşınlarını sevə-sevə dövlətə verirdilər.
-Nə qədər ağır da olsa müharibədə şəhid olan hərbi qulluqçuların ailəsinə təhvil verilməsi və dəfn olunması da Səfərbərlik Xidmətinin vəzifəsidir?
-Bəli. Və bu iş də çox mükəmməl təşkil olunmudu. Şəhid olanların qarşılanması və dəfn edilməsi yüksək səviyyədə aparıldı. İtkin düşənlərin və şəhid ailələrinin müharibə vaxtı müraciətinə operativ şəkildə cavablar verilirdı.
Vətən müharibəsindən əvvəl də Vətən müharibəsi başa çatandan sonra da xidmətin əməkdaşları daim şəhid ailələrinin, qazilərin yanında olub və bu gün də onların qayğısız yaşaması üçün daim əllərindən gələni edirlər. Vaxtaşırı, bayramlarda, əlamətdar günlərdə belə həssas ailələrə baş çəkilir.
Bir məsələni də qeyd edim ki, xidmətə işə götürülənlər arasında şəhid ailələrindən olanlara və qazilərə üstünlük verilir, onlar işlə təmin olunur.
-Yəqin ki, görülən bu işlər diqqətdən kənarda qalmayıb?
Ölkə Prezidenti tərəfindən görülən işlər yüksək qiymətləndirilib. Səfərbərlik Xidməti əməkdaşları orden və medalla təltif olunublar. Həm də təkcə orden və medallarla yox. Səfərbərlik Xidmətində qulluq edən zabitlərə yüksək ali rütbələrin verilməsi də göstərdi ki, onların gördüyü iş qiymətləndirildi. Necə deyərlər Səfərbərlik Xidməti bu imtahandan da üzüağ çıxdı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidentinin qoyduğu tapşırıqları dəqiqliklə yerinə yetirdi. Bu vətənə ən böyük xidmətdir.
-Bugünkü xidmətin təşkili ilə bağlı nə deyə bilərsiz?
-Görülən işlərin nəticəsidir ki, valideynlər artıq övladlarının harada xidmət edəcəyini əvvəldən öyrənə bilir. Sadəcə çağırışçının şəxsi məlumatlarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytında müvafiq bölməsinə qeyd etməklə bunu bilmək olar. Bu da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəffaf şəkildə çalışdığının göstəricisidir. Artıq insanlar əmin oldular ki, hamı maddi durumuna görə müəyyən yerlərdə xidmət etmir.
Analogiya aparsaq Səfərbərlik Xidmətində işin təşkilini ASAN xidmətdə işin təşkilinə bənzətmək olar. Əgər ASAN xidmət mülki həyatda insanların müxtəlif xidmətlərə çatımlılığını asanlaşdırır və şəffaflığı təmin edirsə, hərbi sahədə də Səfərbərlik Xidmətində qurulmuş sistem şəffaflığı təmin edir.
Hərbi biletlərin, arayışların verilməsi, işə qəbul asanlaşdırılıb və elektronlaşdırılıb. Və bütün bunlar Xidmət rəisinin tam nəzarətindədir. Xidmət rəisi və müavinlərinin ayda və həftədə vətəndaş qəbulu keçirilir.
Bu gün Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz fəaliyyətini qeyri-hökumət təşkilatları ilə, media orqanları ilə səmərəli qurub. Müxtəlif tədbirləri həyata keçirilməsində qarşılıqlı əməkdaşlıq cəmiyyətimiz üçün də çox faydalı olur. Şəhid ailələrinin və qazilərin ziyarətində baş redaktorlar və QHT rəhbərləri də iştirak edir. Bu həm xidmətin fəaliyyətinə vətəndaş nəzarətinin təmin olunması, həm də görülən işlərin müsbət nümunə kimi cəmiyyətə təqdim olunmasında çox böyük önəm daşıyır.