Zakir Həsənovun İran səfəri - birgə hərbi təlimlər mümkünmü?

Zakir Həsənovun İran səfəri -  birgə hərbi təlimlər mümkünmü? backend

Ekspertlər müdafiə nazirinin qonşu ölkəyə səfərinin əhəmiyyətindən danışdılar

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 25-də İrana səfər edib. Səfər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə həyata keçirilir.

Bu, İranla münasibətlərin yenidən normallaşmasından sonra Azərbaycanın müdafiə nazirinin qonşu ölkəyə ilk səfəridir.

Məlumdur ki, müharibədən sonra İranla sərhəddə də Azərbaycan ərazi bötüvlüyünü təmin edib. İndi sərhəddə Azərbaycan və İran hərbçilərinin əməkdaşlığına, koordinasiyasına ciddi ehtiyac var ki, nazirin səfərində şübhəsiz ki, bu məsələr müzakirə olunub. Qeyd edək ki, iki ölkənin müdafiə nazirlikləri arasında hələ bir neçə il əvvəl hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupu yaradılıb ki, onun fəaliyyətinin canlandırılmasına da ehtiyac var. Bu səfərdə həmçinin iki ölkənin hərbi sahədə əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri ilə yanaşı Xəzər dənizi hövzəsində təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsinin aparılması gözlənilir.

O da məlumdur ki, İranla Azərbaycan 3+3 formatında da əməkdaşlıq edir ki, bu, hərbi sahədə də bəzi məsləhətləşmələri zəruri edir. Mümkündür ki, gələcəkdə bu əməkdaşlıq formatı çərçivəsində hətta birgə hərbi təlimlər də planlaşdırılsın.

Maraqlıdır ki, müdafiə nazirinin səfərindən bir gün əvvəl  İrandan Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarə reysi həyata keçirilib.

İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan avialayner Füzulidə eniş edib.

Nümayəndə heyətini Azərbaycan baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər qarşılayıblar. Bu da iki qonşu dövlət arasında münasibətlərin yeni mərhələyə daxil olmasını göstərir.

Heç bir müharibə olmayacaq- Şair Ramaldanov

Şair Ramaldanov 

Polkovnik Şair Ramaldanov İran-Azərbaycan münasibətlərinin inkişaf etdiyini söylədi: “Bildiyim qədəri ilə o gərginlik tam keçib. Siyasi cəhətdən hər iki tərəfin münasibəti ortadadır. İran tərəfin Azərbaycanla müəyyən razılığa gəldiyi yöndə məlumatlar var. Əlbəttə, bu olmasaydı, bizim münasibətlər də inkişaf etməzdi. Bilirsiniz ki, dövlət səviyyəsində rəhbər strukturlarda təmsil olunanlar görüşüblər, müəyyən məsələləri müzakirə ediblər, iqtisadi, hərbi və s. kimi istiqamətlərdə. Hazırda İranla aramızda heç bir razılaşmadığımız məqamlar, ziddiyyətli vəziyyət yoxdur. Gərginliyə heç bir səbəb qalmayıb. İran bizim qonşumuzdur. Azərbaycanın münasibəti qonşuluq siyasətinə köklənib. Bilirsiniz ki, Zəngəzur dəhlizi İran sərhədindən keçən bir ərazidir. Gələcəkdə müəyyən bir projelərdə, bu istiqamətdə gedən iqtisadi məsələlərdə İranın iştirakı haqda məlumatlar var. Digər istiqamətlərdə də cənub qonşumuzla əlaqələrimiz inkişaf edib. İranla hərbi əlaqələrimizi daim saxlamışıq. İki qonşu ölkənin müdafiə nazirlərinin görüşməsi istər Azərbaycanda, istərsə də İranda mütəmadi olub. Bu da onun davamı olan görüşlərdən biridir. Müharibə vaxtı, ondan sonra müəyyən qüvvələr var idi ki, iki ölkənin arasını vurmaq istəyirdi. Bu qüvvələr də artıq neytrallaşdırılıb. Hazırda İran-Azərbaycan münasibətləri inkişaf etməkdədir. Bu inkişafın nəticəsidir ki, müdafiə nazirimiz ora səfər etdi. Düşünürəm ki, bu görüşdən öncə müəyyən məsələlər ortaya qoyulub. Bu məsələlər müəyyənləşdiriləndən sonra rəhbərlər görüşür. Görüş haqqında hələ bir məlumat yoxdur. Hər halda, biləcəyik. Görüşü iki ölkənin müdafiə nazirlərinin birgə görüşü kimi qiymətləndirmək lazımdır”.

Xankəndidə erməni silahlılarının qalması barədə məlumatlar feykdir" -  Polkovnik

Ruslan İmamquliyev

Hərbi ekspert Ruslan İmamquliyev səfərin əhəmiyyətinin çox böyük olduğunu qeyd etdi: “Azərbaycanın ölkələrlə, o cümlədən həmsərhəd olan dövlətlərlə sıx əməkdaşlıq etməsi regionda sülhün təminatı baxımından çox önəmlidir. Bu istiqamətdən baxılsa, Azərbaycanın müdafiə nazirinin İrana səfəri çox əhəmiyyətlidir. Baxmayaraq ki, 44 günlük Vətən müharibəsindən sonra İranla aramızda bir sıra siyasi gərginlik məsələləri oldu. Bu gün yenə də əlaqələr əvvəlki dövrə olduğu kimi davam etməkdədir. Azərbaycan torpaqlarını azad etdikdən sonra beynəlxalq hərbi təlimlərin keçirilməsi, xüsusilə Türkiyə və Pakistanla olan əlaqələri bu gün İranda da ciddi maraq yaratmış olur. Perspektivdə cənub qonşumuzla da əməkdaşlığın edilməsi, ortaq hərbi təlimlərin keçirilməsi müdafiə sənayesinin inkişaf etdirilməsi adına mümkündür. Burada təbii ki, dövlətlərin maraqları çox önəmlidir”.


“Yeni Müsavat”

Diaspora