İşğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçilir. 2021-ci il ərzində ümumilikdə 20 165 ha ərazi təmizlənib, 41 503 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib.
Apa-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Onun sözlərinə görə, ölkə ərazisində minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli Fərmanı var: "Sənədə əsasən tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirilməni, görülmüş işlərin icrasının monitorinqini və keyfiyyətlə tamamlanmasına nəzarət ANAMA-ya həvalə edilib.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli 1251 saylı fərmanına əsasən publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradıldı və hüquqi sənəd olaraq Nizamnaməsi təsdiq edildi. Hal-hazırda isə, Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun, mövcud olan və təkmilləşdirilən Milli Minatəmizləmə Tələbləri, həmçinin Minatəmizləmə Fəaliyyəti haqqında Qanun layihəsi müzakirə edilməsi üçün aidiyyəti üzrə təqdim edilib".
V. Süleymanov qeyd edib ki, işğaldan azad edilən ərazilərin inkişaf planına əsasən, Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində, hökumət tərəfindən təsdiq edilən müvafiq tədbirlər planı mövcuddur: "Ötən ilin yekunlarına gəldikdə, 6 000 ha ərazinin təmizlənmə öhdəliyi qarşısında, Agentliyin minaaxtaranları 6 201 ha ərazini mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləyərək aidiyyəti üzrə təhvil verib.
Nəticədə, 4 880 ədəd piyada əleyhinə mina, 2 335 ədəd tank əleyhinə mina və 11 205 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.
Təmizlənən ərazilərin bölgüsünə nəzər salsaq: kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə 1 981 ha, məskunlaşma üçün nəzərdə tutulan ərazilərin təmizlənməsi üzrə 1 373 ha, nəqliyyat infrastruktur layihələri üzrə 1 618 ha, enerji xətlərinin çəkilməsi üçün 586 ha və 644 ha ərazi digər layihələr üzrə təmizlənərək təhvil verilib.
Vətən müharibəsindən sonra ANAMA-ya təmizlənməsi həvalə edilən 55 layihədən 46-sı uğurla yekunlaşıb. Burada əsasən energetika sahəsi, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat infrastrukturu, sənaye parkları, eləcə də xüsusi tapşırıqlar, yaşayış infrastrukturunun yaradılması və ekoloji qiymətləndirmə ərazisi istiqamətlərində əməliyyatlar icra edilib.
Ən mühüm layihələrdən Zəfər yolu, Zəngilan rayonu “Ağıllı Kənd” yaşayış məntəqəsi, Zəngilan rayonu hava limanı, Füzuli-Hadrut avtomobil yolu, Xındırıstan – Ağdam elektrik xətti və digərlərini qeyd etmək olar”.