Naxçıvan Qarnizonu Qoşunlarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilən silsilə tədbirlərdə xidmətdə və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əlahiddə Ümumqoşun Orduda keçirilən tədbirlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib.
Şəxsi heyətə təbriklər çatdırılan zaman bildirilib ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasında əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik ideyası milyonlarla soydaşımızı birləşdirən dövlətçilik və vətənpərvərlik amalına çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qayğısı ilə doğma Naxçıvanımızda digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl tədbirlər görülür, dövlət-ordu-xalq birliyi möhkəmlənir. Naxçıvan Muxtar Respublikasında xalqımızın milli birliyinin rəmzinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Günündə əsgərlərlə görüşlərin keçirilməsi, sovqatların aparılması da dövlət-ordu-xalq birliyinin daha bir nümunəsi, həmrəyliyin ifadəsidir. İnanırıq ki, milli həmrəylik gününü böyük qürur hissi ilə qeyd edən Naxçıvan Qarnizonunun şəxsi heyəti göstərilən yüksək etimadı bundan sonra da şərəflə doğruldacaq, bütün bilik və bacarıqlarını ordumuzun daha da güclənməsinə və inkişafına sərf edəcək.
Çıxışların ardından hərbi qulluqçulara növbəti hərbi rütbələr və fəxri fərman təqdim edilib, təşəkkür elan olunub, şəxsi heyət qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Bayram tədbirləri Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində, Təlim-Tədris Mərkəzlərində təşkil olunan konsert proqramları ilə davam edib. Hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirlərdə şəhər və rayon mədəniyyət kollektivlərinin solistləri bayram ovqatlı mahnılar ifa ediblər.