“Eyni sayda Rusiya sülhməramlıları, Azərbaycan hərbçiləri və Qarabağdakı ermənilərdən ibarət kommersiya əsaslı bir təhlükəsizlik şirkəti yaratmaq mümkündür...”
Son aylarda Azərbaycanın müvəqqəti(!) olaraq Rusiyanın rəsmən “sülhməramlı” adlanan hərbi qüvvələrinin məsuliyyət zonası elan edilmiş Qarabağ torpaqlarında erməni silahlılarının iştirakıyla Azərbaycan ordusuna, yaxud mülki vətəndaşlarımıza qarşı müxtəlif formalı təxribat aktları çoxalıb.
Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında Qarabağda müəmmalı təxribatların qarşısını almaq üçün maraqlı bir təkliflə çıxış edib.
“Hesab edirəm ki, təxribatların qarşısını almaq üçün ilk növbədə Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrini tərksilah etmək, bundan sonra isə onların yerinə həm azərbaycanlı, həm də erməni mülki əhalisinin təhlükəsizliyini təmin edə biləcək müvəqqəti yeni bir asayiş strukturu yaradılmalıdır. Bir sıra münaqişə zonalarında belə nümunələr var” –deyən həmsöhbətimiz Qarabağda yeni növ təhlükəsizlik qurumlarının hansı formada yaradıla biləcəyini də söyləyib.
“Məsələn, üçtərəfli patrul xidməti yaradıla bilər. Deyək ki, eyni sayda Rusiya sülhməramlıları, Azərbaycan hərbçiləri və Qarabağdakı ermənilərdən ibarət kommersiya əsaslı bir təhlükəsizlik şirkəti yaratmaq mümkündür. Və həmin şirkət Azərbaycan büdcəsindən maliyyələşməlidir. Belə olan halda azərbaycanlı, yaxud erməni tərəfinə qarşı hər hansı təxribatın qarşısını almaq və ya insident baş verdikdən sonra onu çətinlik çəkmədən ədalətlə araşdırmaq olar. Məsələn, hansısa bir olay zamanı Rusiya sülhməramlıların da müşahidəsi altında həmin təhlükəsizlik qurumunun azərbaycanlı əməkdaşları azərbaycanlılarla, erməni əməkdaşları öz soydaşları ilə söhbət aparıb məsələni araşdıra və nəticə barədə müvafiq hüquq-mühafizə orqanlarını məlumatlandıra bilər. Zənnimcə, bu yolla bir sıra təxribatların qarşısını almaq mümkün olar” –deyə sabiq baş diplomat bildirib.