Laçında xidmət edən hərbçilər danışır: "Sərhədlərimizin keşiyində möhkəm dayanmışıq"

Laçında xidmət edən hərbçilər danışır:  "Sərhədlərimizin keşiyində möhkəm dayanmışıq" backend

Azərbaycan Müdafiə Nazirliyi Laçının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibəti ilə rayona mediatur təşkil edib.

Report-un Laçına ezam edilən əməkdaşının məlumatına görə, KİV nümayəndələri rayon ərazisində dislokasiya olunan hərbi bölmələrə baş çəkiblər.

Jurnalistlər Laçında yerləşən strateji döyüş postunda olublar. Azərbaycan Ordusunun postu ilə Ermənistan Silahlı Qüvvələrinin postu arasında olan məsafələr 10-150 metr arasında dəyişir.

Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən döyüş postları istiqamətindəki yollarda genişləndirmə işləri aparılıb. Təbii ki, bu da şəxsi heyətin və texnikanın postlara daha tez çatmasına imkan yaradır. Dağların başında yerləşən döyüş postlarında xidmət edən hərbi qulluqçularımızın şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülüb.

Hazırda müzəffər ordumuzun qalib əsgərləri Azərbaycanın dövlət sərhədində qürurla xidmət edirlər.

Azərbaycan Ordusunun giziri Rövşən Abbasov "Report"a bildirib ki, hərbi qulluqçuların hər biri torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib. O, bununla qürur duyduğunu deyib: "Ali Baş Komandanın da dediyi kimi, biz düşməni dəmir yumruqla əzdik. Şəhidlərimizin qisasını aldıq. Bu postda xidmət etməyimlə fəxr edirəm və millətimiz arxayın olsun ki, Azərbaycan əsgəri sərhədlərimizin keşiyində möhkəm dayanıb. Ermənilər növbəti dəfə ölkəmizə qarşı torpaq iddiasına düşsələr, bu, onlara, təbii ki, baha başa gələcək”.

Diaspora