“Hərbi hissələrin yaradılması ordu quruculuğunun prinsiplərinə bağlı olan məsələdir. Əlbəttə, Azərbaycan Ordusunda islahatlar gedir və buna səbəb Vətən müharibəsi zamanı aparılan təhlillərdir. Hərbi hissələr müəyyən ixtisaslara önəm verilməsi baxımından yaradılır”.
Bunu Moderator.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Ekspert Azərbaycan Ordusunda yeni komando hərbi hissəsinin yaradılmasının önəmindən danışıb:
“Qaldı ki, Azərbaycan Ordusunda daha bir komando hərbi hissəsinin yaradılmasında təəccüblü bir şey yoxdur. Azərbaycanın ərazisi dağlıq, meşəlik ərazidir və düşmənimiz də hələ ki, düşmən mövqeyindədir. Hesab edirəm ki, ərazi baxımından və gələcəkdə ola biləcək terror əməliyyatlarını nəzərə alaraq Xüsusi Təyinatlı və yaxud komando tipli hərbi hissələrin yaradılmasını normal saymaq lazımdır. Komando müəyyən qruplarda hər hansı bir tapşırığı yerinə yetirə biləcək mütəxəssislərdir. Təbii ki, bizdə həmin o komando hərbi hissələrində müqavilə əsasında və seçim nəticəsində xidmət edən hərbçilər olacaq. Bu da çox önəmlidir və onların fəaliyyətini də, döyüşlərini də müharibədə gördük.
Bilirsiniz ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunda Türkiyə Ordusunun modelini yaradıb. Düşünürəm ki, burda da müəyyən bir şəkildə qardaş Türkiyə təcrübəsindən irəli gələrək Azərbaycan Ordusunda rəhbərlik bu addımı atmağı lazım bildi. Bu artıq tam şəkildə hər tərəfə əsaslanmış bir addımdır”.
Qeyd edək ki, Azərbaycan Ordusunda daha bir komando hərbi hissəsi yaradılıb.