“Noyabrın 16-dakı son döyüşlər zamanı Sünikdə(Sönük - Qərbi Zəngəzur-S.L.) mayordan yuxarı rütbəli hərbçilərin qaynar nöqtələrdəki postlara qalxmasına icazə verilməyib".
Moderator.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” nəşri bu gün səhər saatlarında yazıb.
“Bu məlumatı iki müxtəlif vəzifədə olan hərbçilər də təsdiqləyərək əlavə edib ki, döyüş əməliyyatlarının ən həlledici məqamında mövqelərə qalxmağa cəhd edərkən Müdafiə Nazirliyinin xüsusi təyinatlı alayının zabitləri, eləcə də xarici kəşfiyyat əməkdaşları onlara qadağa qoyublar. Və bunu belə izah ediblər ki, yeni təyin olunmuş müdafiə naziri Suren Papikyan mayordan yuxarı rütbəsi olanları qaynar nöqtələrdəki postlara buraxmamaq haqda əmr verib” – deyə erməni saytı bildirib.
Nəşr eyni zamanda döyüşlər zamanı Rusiyanın Azərbaycanla sərhəddəki birləşməsinin komandirinin də əməliyyatlara müdaxiləsinə icazə verilmədiyini iddia edib.
“Artıq məlumdur ki, son döyüşlər zamanı hökumət Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının kömək təklifindən imtina edib. Elə həmin hərbi bazanın Sünikdəki(Qərbi Zəngəzur-S.L.) 2-ci dayaq məntəqəsinin komandiri Qorin də yerindəcə erməni ordusuna dəstək vermək istəyəndə onu da mövqelərə buraxmayıblar” – deyə erməni nəşri yazıb.
Xəbər yayıldıqdan az sonra Ermənistan Müdafiə Nazirliyi guya mayordan yuxarı rütbəli erməni hərbçilərin qaynar nöqtələrdəki postlara qalxmasına icazə verilməməsi haqda məlumatı təkzib edib.