PUA-lar nə zamandan dünya hərb tarixinin bir parçası olmağa başladı - ARAŞDIRMA

PUA-lar nə zamandan dünya hərb tarixinin bir parçası olmağa başladı -  ARAŞDIRMA backend

İlk PUA-lar

 

Bu gün PUA dedikdə daha çox havada pilotsuz şəkildə fəaliyyət göstərən müasir aparatları təsəvvür edirik. İlk dəfə PUA-nın döyüş tətbiqinə dair məlumat 1849-cu ilə aidddir. 1848-ci ildə Avstriya İmperiyasında baş verən burjua inqilabları fonunda Venesiyada Avstriya hakimiyyətinə qarşı üsyan başlamışdı və üsyançılar Venesiyanı müstəqil Respublika elan etmişdilər. Venesiyanın havadan bombardmanında ilk dəfə pilotsuz aerostatdan istifadə edildiyi sənədləşdirilib. İdeyanın müəllifi Avstriya artilleriya qoşunlarının leytenantı Frans von

Yuhatikə məxsusdur.

 

İkinci pilotsuz vasitə isə 1899-cu ildə məşhur fizik Nikola Tesla tərəfindən yaradılıb. Radio ilə idarə olunan kicik qayıq sonradan digər vasitələrin hazırlanması üçün münbit şərait yaratdı. Çarlz Ketterinq 1910-cu ildə saat mexanizmi ilə uçuşu idarə edilə bilən təyyarə modelinin hazırlanmasını təklif etdi. Bu təyyarələr içində partlayıcı daşıyardı, düşmən ərazisinə çatdıqda isə qanadlarını tullayıb düşmən mövqelərinə çırpılmalı idi. Bu layihəyə ABŞ ordusu dərhal maraq göstərdi. Lakin Birinci Dünya Müharibəsi zamanı aktual layihənin kütləvi istehsalı olmadı. 20 ilə yaxın müddət ərzində layihəni toz basdı. 1930-cu ildən PUA-lara təkrar və daha ciddi diqqət yetirilldi. Böyük Britanıyanın hərbi mühəndisləri tərəfindən bir neçə dəfə istifadə edilə bilən pilotsuz ucuş aparatları yaradıldı. Bu layihə “Fairy Queen” biplanları bazasında hazırlanırdı və “DN82B Queen Bee” adını aldı. İlk pilotsuz aparatlar gəmidən göndərilən radiosiqnallar vasitəsi ilə idarə olunurdu. DN82 PUA-ları uzun müddət döyüş təyyarələri və zenit qüvvələrinin təlimləri üçün uçan hədəf rolunu oynadı. Azərbaycan Silahlı Qüvvələri Vətən Müharibəsində “An-2” biplanlarına avtopilot bloku quraşdırmaqla düşmən ərazisinə göndərməsi, düşmənin HHM komplekslərini aktiv rejimə keçirməsi, kompleksləri şüalandırdığı siqnallara görə PUA-larımızın düşmənə məxsus obyektləri məhv etməsi də bu qədim texnologiyanın müasir tətbiqi hesab olunur. 

 

PUA, yoxsa dron

 

Mətbuatda dron və PUA ifadələri sinonim kimi işlədilir və bu yalnışdır. Dron ifadəsi hər hansı bir PUA-ya aid edilə bilər, yəni hər PUA drondur, amma bunun əksi, yən hər dronun PUA olması doğru deyil. Dron sadəcə insansız bir vasitədir, yəni, ekipajı olmayan və radiosiqnalla idarə olunan bir aparatdır. Dronun uçması vacib deyil, amma PUA-nın uçması şərtdir. Məsələn Qarabağda minaaxtarmada tətbiq etdiyimiz Türkiyənin MEMAT və “Bojena” maşınları drondur. Deməli uçmayan pilotsuz vasitə PUA adlandırıla bilməz.

 

Mülki və hərbi PUA-ların fərqi

 

Dünyada isə münaqişə ocaqları çoxaldıqca PUA-ların tətbiqi də artır. Onların yerinə yetirdiyi vəzifələr artıq pilotlu aviasiya ilə müqayisə edilə bilir. Mülki təyinatlı aparatların imkanları da genişlənir. PUA istehsalçılarının “pilotsuz sistemlər əsasən mülki işlər üçün daha çox tətbiq olunacaq” desə də, hərbi təyinatlı PUA bazarı daha sürətlə inkişaf edir. 

Hazırda mülki təyinatlı PUA-lar kənd təsərrüfatında, təcili tibbi yardım xidmətlərində (xilasetmə, polis, ambulans, mədən sənayesində, tikintidə, geodeziya və kartoqrafiyada, nəqliyyat, daşınma və çatdırılma sektorunda, KİV və mediada, təbiəti mühafizədə, elm və təhsil sahəsində, rabitə və əlaqənin təşkilində, şəkil və video çəkilişlərdə geniş istifadə olunur. Arxeologiya sahəsi, atom elektrik stansiyalarının monitorinqi, böyük şəhərlərdə ictimai asayişin polis tərəfindən qorunması, kuryer xidməti, boru kəmərlərinin və elektrik xətlərinin monitorinqi, internet şəbəkə əhatəsini yaxşılaşdırılmasında, telekomunikasiya xidmətlərində istifadəsi isə yeni tətbiq sahələridir. 

 

Mülki pilotsuz uçuş aparatlarından (PUA) fərqli olaraq hərbi PUA-lar adətən böyük həcmə və çəkiyə malik olur. Həm düşmənin atəşindən, həm REM müdaxiləsindən qorunması üçün avadanlıqlar daşımalı olan hərbi təyinatlı PUA-lar maksimum faydalı yük (silah) daşımalı və mümkün qədər uzun müddət havada qalmalıdır. 

 

Hazırda hərbi təyinatlı PUA-lar qeyri rəsmi olaraq mütəxəssislər tərəfindən 4 sinifə bölünür:

 

Mikro PUA-lar (10 kq-a qədər kütlə, 1 saata qədər havada qalma imkanı və 1 km üçuş tavanı);

Mini PUA-lar (50 kq-a qədər kütlə, 5 saata qədər havada qalma imkanı və 3-5 km arasında  üçuş tavanı);

Orta PUA-lar (1 tona qədər kütlə, 15 saata qədər havada qalma imkanı və 10 km- ə qədər üçuş tavanı);

Ağır PUA-lar (1 tondan artıq kütlə, 24 saatdan artıq havada qalma imkanı və 10 km-dən yuxar üçuş tavanı).

 

2004-cü ildə isə ABŞ HHQ-sinin silahlanmasına qəbul edilən kəşfiyyat məqsədli RQ-4 “Global Hawk” PUA-sı 14628 kq kütləyə malikdir. Bu isə artıq “Su-25” ilə eyni kütlə deməkdir.

Hərbi PUA-lara daha çox sayda mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və kompleks idarəetmə sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha təhlükəsiz və asandır. Eyni zamanda, zərbə və kamikadze tipli PUA modelləri müxtəlif silahlar və sursatlar ilə, o cümlədən idarə olunan raketlərlə təmin olunur. Ağır PUA-ların silahlanması hücum aviasiyasının silahlanmasına yaxınlaşır.

 

Müasir PUA-ların təchizatına dair tələblər 

 

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Assambleyasının təsdiq etdiyi tərifə görə, Pilotsuz uçuş aparatlar - uçuşunu bortunda komandir olmadan həyata keçirən, uzaq məsafədən, yerdən, havadan, digər gəmi bortundan, kosmosdan tam idarə edilən və yaxud da tam avtonom şəkildə proqramlaşdırılan hava vasitəsidir. Hazırda silah bazarında təqdim edilə PUA-ların əksəriyyəti kompleks şəkildə istehsal edilir. Yəni bir neçə PUA parallel olaraq eyni yerüstü idarəetmə stansiyası tərəfindən idarə olunur. Kompleksin tərkibinə digər təminat vasitələri də daxildir PUA-lar təchizatı təyinatına görə dəyişir. PUA-lar isə ondan çox parametrinə, məsələn ölçulərinə, funksiyasına, idarəetmə kanalına, uçuş məsafəsinə, avtonomluq səviyyəsinə, konfiqurasiyasına, uçuş növünə, taktiki texniki xüsusiyyətlərinə, enerji blokunun tipinə, daşıdığı faydalı yükün tərkibinə, avtomatlaşdırma sisteminə, toqquşmalardan qaçmaq sisteminə, GPS naviqasiyasının növünə, siqnalların basdırılmasında mühafizə sisteminə, radio-tezlik spektrinin buraxılış genişliyinə, məlumatların hazılanmasına, ixtisaslı proqram təminatına və digər xüsusiyyətlərinə görə bir birindən fərqlənir. Beynəlxalq Aviasiya təşkilatı hələlik hərbi və mülki PUA istehsalçılarını heç bir standartlarla məhdudlaşmayıb, bu isə hansı aparatın nə ilə təchiz edilməli və ya edilməməli olmasına aid sualı açıq saxlayır. 

 

Döyüş tətbiqi

 

1849- 1990

 

PUA-ların ilk tətbiqinin 1849-cu ilə aid olduğuna dair məlumatların mövcud olduğunu məqalənin əvvəlində qeyd etmişdim. Müasir kəşfiyyat PUA-larının istehsalına isə keçən əsrin 30-40-cı illərində başlanıb. Bu fəaliyyətlərdə əsasən ABŞ, Böyük Britaniya, SSRİ və Almaniya ilk sıralarda olub. Onların tətbiqi isə əsasən soyuq müharibə illərində genişlənib. Kubada Sovet raketlərinin yerləşdirməsini izləmək üçün ABŞ-ın kəşfiyyat PUA-larından istifadəsinə dair faktlar açlıq mətbuatda mövcuddur. 

1950-ci illərin əvvəllərində ABŞ Hərbi Dəniz Qüvvələri Şimali Koreyadakı strateji hədəfləri bombalamaq üçün 6 ədəd F6F-5K "Hellcat" PUA-sına malik idi, lakin səmərəliliyi aşağı olduğu üçün bu layihə ləğv edildi. 1950-ci illərin ortalarından onra onlarla Ryan Firebees PUA-sı reaktiv qırıcı pilotlarının təlimi üçün pilotsuz hədəf kimi istifadə edilmişdir. 1950-ci illərin sonlarında ABŞ Ordusunun Elmi Tədqiqat Baş İdarəsi üç növ pilotsuz vasitənin sınaqdan keçirilməsini və taktiki kəşfiyyat PUA-larının inkişafı proqramını maliyyələşdirdi. 

1960-cı ildə SSRİ ərazisi üzərində ABŞ-ın U-2 kəşfiyyat təyyarəsi vurulması və pilotun əsir götürülməsi, dü. Bu hadisə nəticəsində ABŞ rəhbərliyi PUA-ların inkişafına və dondurulmuş Firebee proqramını bərpa etdi. SSRİ-də La-17 uçan hədəfi bazasında 1963-cü ildə ilk uçuşunu edən, lakin populyarlıq qazanmayan La-17R pilotsuz kəşfiyyat təyyarəsi yaradıldı. Vyetnam müharibəsi zamanı ABŞ pilotsuz kəşfiyyat təyyarələri 3435 uçuş həyata keçirib, nəticədə 554 ABŞ PUA-sı məhv edilib.  

Yaxın Şərqdə ilk pilotsuz uçuş aparatları İsrail tərəfindən 1967-1970-ci illərdə istifadə edilib. Onlardan müşahidə və kəşfiyyat, eləcə də saxta hədəf kimi istifadə olunurdu. 1973, 1982 və sonrakı illərdə İsrail Yaxın Şərqdə yüz dəfələrlə PUA tətbiqi ilə yadda qalıb. İsrailin PUA tətbiqi sahəsində uğurları uzun illərdir ki, Pentaqonun maraqları çərçivəsindədor və onlar əməkdaşlıq edirlər.

1980-ci illərində ortalarında baş verən İran-İraq müharibəsində Tehran qismən primitiv hesab edilən “Mohajer-1” PUA-lardan istifadə edib. 

 

1990-2010

 

1990-cı illərin əvvəllərində rabitə və naviqasiya sistemlərinin, ilk növbədə GPS-in (qlobal yerləşdirmə sistemlərinin) inkişafı ilə PUA-lar yeni imkanlar əldə etdi. Körfəz müharibəsi GPS-in geniş istifadə olunduğu ilk münaqişə kimi yadda qaldı. SSRİ-nin süqutu və 2010-cu ilə qədər rus generalların başıboşluğu, PUA sahəsində bütün inkişaf perspektivlərini tamamilə ABŞ-ın əlində cəmləşməsi və Rusiyanın hələ də müasir zərbə tipli PUA istehsalında “oyundan kənarda” qalması ilə nəticələndi.

“Səhrada Fırtına” əməliyyatı zamanı ABŞ-a məxsus PUA-lar 522 uçuş zamanı 1641 saat havada qaldılar. Bu isə əməliyyat zamanı istənilən an ən azı bir PUA havada olması deməkdir. PUA-ların bu müharibədə əsas vəzifəsi Fars körfəzindəki  gəmilərdə yerləşən B-52 strateji bombardmançılarına,  F-15 qırıcılarına və uzaqmənzilli artilleriya üçün hədəflərin təyin edilməsi və atəşin koordinasiyasından ibarət idi.

 

1992-ci ildə İsrail PUA-sı ilk dəfə Livanın cənubunda Hizbullah lideri Abbas əl-Musəvini məhv etmək üçün hədəf göstərmək üçün istifadə edildi. Həmin əməliyyatda Musəvinin getdiyi karvanı PUA izləyib və onun avtomobilini lazerlə işarələyib, sonra isə hücum helikopterindən raket buraxılıb. Sonradan PUA-lar keçmiş Yuqoslaviyada, xüsusən Kosovoda (1999), Əfqanıstanda (2001) və İraqda (2003) uğurla istifadə edildi. 

 

PUA-ların daha geniş istifadəsinə NATO qüvvələrinin Balkan yarımadasında “Sülhə məcbur etmə” əməliyyatlarında rast gəlindi. Bu əməliyyatda ABŞ-ın “Predator” PUA-ları tərəfindən idarəolunan “Hellfire” raketləri ilk dəfə savaş meydanında tətbiq olundu.

 

Texnologiyanın inkişafı, döyüş təcrübəsinin toplanması və NATO ali komandanlığının hərbi əməliyyatlarda pilotsuz təyyarələrin istifadəsinə münasibətinin dəyişməsi tədricən kəşfiyyat funksiyalı PUA-ları müstəqil zərbə vasitəsinə çevrilməsi ilə nəticələndi.

 

2010-2020

 

2011-ci ildə PUA-lar “Əl Kaidə” lideri Üsamə ben Ladenin aşkar olunmasında və izlənilməsində mühüm əhəmiyyət daşıdı. İŞİD və PKK terror təşkilatının rəhbərlərinin zərərsizləşdirilməsində də ABŞ və Türkiyə PUA-larından geniş istifadə olunur. Türkiyə PUA-ları hazırda dünyada kütləvi tətbiqinə görə liderdir. Həm Suriyada, həm Liviyada, həm də Qarabağda Türkiyə PUA-ları döyüş əməliyyatlarının taleyinə təsir edən silah sistemi kimi yadda qaldı. Qarabağda Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən Müharibəsi hərb tarixində “kütləvi PUA tətbiqi ilə aparılan Müharibə” kimi qaldı. Bəzi mənbələrdə isə Vətən Müharibəsini qısaca olaraq, “PUA Müharibəsi” də adlandırırlar. 

Son illərdə baş verən müharibələri nəzərə almasaq, ən çox PUA təhdidinə ABŞ-ın Suriyadakı qüvvələri məruz qalıb. İndi isə İraqdakı ABŞ səfirliyi ətrafında PUA uçuşları illərdir ki, müşahidə edilir. Hər iki ölkədə ABŞ-a qarşı istifadə edilən PUA-ların İranda istehsal edildiyi ehtimalı böyükdür. 

PUA-lar 2010-cu illərin sonlarından Yaxın Şərqdə, o cümlədən Liviyada, Suriyada və Qarabağda geniş istifadəsi ilə müasir və gələcək müharibələrin ən vacib komponenti olduğunu nümayiş etdirdi. Qarabağda PUA tətbiqinə dair kifayət qədər material dərc olunub. Önəmli olan odur ki, Azərbaycan hazırda müxtəlif siniflərdən olan PUA komplekslərinin qarşılıqlı əlaqədə və ən kütləvi şəkildə döyüş meydanında tətbiq edən ölkə tituluna malikdir. İşğalçı Ermənistanın Vətən Müharibəsində məruz qaldığı 3.84 mlrd dollarlıq texnika itkilərinin əksəriyyəti Türkiyənin “Bayraktar-TB2” və İsrailin “Harop” PUA-larının payına düşür.

 

PUA bazarının və yerli istehsalımızın perspektivləri

 

PUA bazarı durmadan inkişaf edir. Yaxın 10 ildə 11 dəfə böyüməsi gözlənilir. Artıq PUA-lar süni zəka ilə müstəqil fəaliyyət göstərir. Bu ilin yayında dərc olunan BMT Təhlükəsizlik Şurasının Liviya üzrə ekspert qrupunun hesabatından məlum oldu ki, keçən ilin payız aylarında Türkiyə istehsalı “Kargu-2” adlı PUA Xəlifə Həftərə sadiq Liviya Milli Ordusunun üzvlərini təqib edib və onları öz şəxsi təşəbbüsü ilə, operatorun əmri olmadan onları məhv edib. Bu isə artıq Türkiyənin süni zəka ilə idarə olunan PUA kompleksinin döyüşlərdə tətbiqi deməkdir. Eyni PUA-lar daha əvvəl Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında aparılan “Bahar Pınarı” əməliyyatında dron sürüsü kimi istifadə edilmişdi. 

Dron sürüləri HHM RLS-lərinin, işıqlandırma radarlarının, komplekslərin alternativ qida bloklarının, yüksək gərginlikli elektrik xətlərinin, peyk-rabitə qovşaqlarının, idarəetmə və komanda məntəqələrinə aid radioşəbəkənin paralel olaraq sıradan çıxarılmasında istifadəsi müstəsna nəticələr əldə etməyə imkan verə bilər. Dron sürüsünün tətbiqi üçün sadaladığım obyektlər arasında yalnız raketlərin start mövqeləri HHM tərəfindən ciddi qorunur. Hansısa rabitə şəbəkəsinin və ya elektrik xətlərinin qorunması hələ ki, orduların döyüş nizamnamələrində öz əksini tapmır, tapsa belə, onlara əsgərdən çox HHM vasitəsi tələb olunacaq, bu isə ən azından ordunun saxlanılmasına çəkilən xərcləri artırmağa, başqa sözlə rəqibi maddi cəhətdən tükənməyə vadar edə bilər. Odur ki, dron sürüləri gələcəyin ən perspektiv və uçuz silah sistemi olacaq. 

Perspektiv sahələrdən biri də sürü şəklində tətbiq edilən mikrodronlar istehsalıdır. Onların böyük bir yüksəklikdə təyyarə, PUA və ya aerostatdan atılması nəzərdə tutulur. Bundan sonra onlar GPS vasitəsilə hədəfə kilidlənir, son vəzifələri isə proqram təminatı və ya operator tərəfindən təyin edilir. Hazırda dronların təkrar istifadəsi prinsipləri təkmilləşdirilir. Bu mikrodronlar hazırda əsasən ABŞ və Çin şirkətləri tərəfindən hazırlanır. Lakin Türkiyə, İngiltərə, Yaponiya və Cənubi Koreya kimi ölkələr də bu sahədə ilkin addımlarını atmağa başlayıb. 2020-ci ilin əvvəlində ABŞ-da “Gremlin”lərin kütləvi istehsalı üçün müqavilə əldə edən şirkət elan edilməsi gözlənilsədə, bu hələ baş verməyib. 

 

Dünya aviasiya sənayesinin ABŞ, İngiltərə, Almaniya, Fransa və Çindən olan nəhəng şirkətləri artıq 6-cı nəzil qırıcıların istehsalı üçün fəaliyyətlərini sürətləndiriblər. ABŞ və Çin istisna olmaqla, avropalılar 4-cü nəsildən birbaşa 6-cı nəsilə keçid edirlər. 6-cı nəsil qırıcılarının yüksək sürət və aşırı yüklənmə göstəriciləri insan orqanizmi üçün təhlükəli olduğundan istehsalçılar bu vasitələri pilotsuz versiyada hazırlayır. ABŞ məqsədlərinə daha yaxın görünür və 2030-cu ildə 6-cı nəsil pilotsuz qırıcını silahlanmaya qəbul edə bilər. Türkiyədə MİUS layihəsi çərçivəsində pilotsuz qırıcısı hazırlanır. Bu qırıcıda “Akıncı” ağır PUA-sının hazırlanmasında əldə edilən nailiyyətlərdən istifadə olunacaq. 

Azrbaycanda müxtəlif növ dronların və “gəzən sursat”ların layihələndirilməsi və yaradılması ilə məşğul olan “Azeltech” şirkəti keçən ilin mart ayında bildirmişdi ki, yaxın aylarda özünün bir neçə dron və “gəzən sursat”larını hərbçilərin iştirakı ilə sınaqdan çıxarmağa hazırlaşır. Üstündən il yarım keçsə də, hələ “yaxın aylar” başa çatmayıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri, AMEA Yüksək Texnologiyalar Parkı və özəl şirkətlər PUA bazarının miqyasını nəzərə almalı və bu istiqamətdə ixracata yararlı innovativ məhsullar hazırlamalıdır. 

 

Pilotsuzların pilotlu aviasiyadan üstünlüyü

 

PUA-ların istifadəsi və saxlanması, pilotlu hava vasitələrinin analoji xərclərindən dəfələrlə ucuzdur. Təyyarələrin, helikopterlərin və onların pilotlarının təhlükəsizliyi qorunması da vcib məsələdir.  Təyyarələr və helikopterlərin idarə və xidmət edən mütəxəssisləri təlimlərdən, yenidən hazırlıqdan və tibbi komissiyalardan keçməlidirlər. PUA-ların saxlanılma və digər maliyyə xərclərinin göstəriciləri olduqca aşağıdır. Müasir artilleriya sistemləri, qırıcı və ya bombardmançı aviasiya ilə müqayisədə istehsalı ucuz və sadədir. Döyüş meydanından yüz kilometrlərlə uzaq məsafədən rahat idarəetməsi mümkündür. Kiçik səth əksolunma əmsalına malik olması onu müasir ZRK-lardan qoruyur. PUA operatorunun hazırlığının təyyarə pilotundan dəfələrlə aşağı məbləğdə vəsaitlə tamamlanır. Pilotlu aviasiyanın bir pilotunun əsir olaraq düşmən əlinə keçməsi, müharibənin ümumi nəticəsinə təsir edə bilər. Pilotsuz vasitənin vurulması və düşmən əlinə keçməsi xoşagəlməz hal olsa da, özündə maliyyə və texnoloji risklər xarc, heç bir halda müharibənin ümumi nəticəsinə təsir imkanları ehtiva etmir.  

 

Nəticə

 

Son 40 ilin müharibələri ballistik və qanadlı raketlərlə hava hücumlarının “klassik” taktikasının istifadəsi ilə bağlı bəzi problemlərin həllini tələb edirdi. Bir raket zərbəsi üçün kəşfiyyat məlumatı əldə etmək, onu emal etmək, qərargahda qərar qəbul etmək, gəmidən və ya təyyarədən raketləri buraxmaq və raketin hədəfə uçması üçün zaman tələb edilirdi. Təyyarənin bazada olması isə bu prosesi bir qədər də uzadırdı. Uzun müddət itkisi isə döyüş şəraitinin dəyişməsi və hədəflərin məhv etmə zonasından çıxması ilə nəticələnirdi. 

Həm 44 günlük Vətən Müharibəsi, həm də digər PUA tətbiqi ilə baş verən münaqişələrin təcrübəsi göstərdi ki, əməliyyatların ilkin mərhələsində düşmənin HHM sisteminin yarılmasndan sonra daim döyüş bölgəsi üzərində fəaliyyətdə olan, kəşfiyyat məlumatlarını real vaxt rejimində qəbul edən (ötürən) və “hava-yer” tipli raketlərlə hədəflərə dərhal hücum edə bilən PUA-lar dəqiq zərbələr endirmək üçün daha effektiv vasitə kimi döyüş əməliyyatlarının taleyinə daha ciddi təsir göstərə bilir.

Hava hücumundan müdafiə sistemlərinin sayının artırılması belə “dron sürüsü” tətbiqinə qarşı tam çıxış yolu hesab edilmir. ZRK və ya DZRK-lar hədəflərin sayının çoxluğuna və kanal çatışmazlığına görə “özünü itirir” və dron sürüsünün öz vəzifələrini yerinə yetirməsinə tam mane ola bilmir. Dəyəri bir neçə milyon olan raketləri (bir ədəd MIM-104 “Patriot” zenit raketi təxminən 3,4 milyon, BGM-109 “Tomahawk” qanadlı raketi isə 2 milyon dollardır) çox ucuz mikrodronlara qarşı buraxmaq da məqsəduyğun hesab edilə bilməz. 2017-ci ildə ABŞ Ordusunun Təlim Komandanlığının (TRADOC) rəhbəri general Devid Parkis bildirirdi ki, müttəfiq ordularının birində “Patriot” raketi ilə “Amazon” şirkətinin internet üzərindən 200 ABŞ dollarına satdığı dronu vurublar.

 

Hazırda silah bazarında orta yüksəklikdə 24 saatdan daha çox qalan, parallel olaraq zərbə və kəşfiyyat funksiyalarını yerinə yetirən PUA-lara tələbat böyükdür. MALE tipli “orta yüksəklikdə uzun müddət” uça bilən zərbə PUA-ların istehsalı Azərbaycan üçün şərtdir. 

 

HALE tipli "yüksək hündürlükdə uzun müddət" uça bilən sistemlərin hazırlanması isə xüsusi sənaye potensialı tələb edir. Bu potensial əgər qardaş Tükiyədə varsa. Demək bizdə də ola bilər. Amma ən vacibi heç olmasa HALE sinifinii istehsalını mənimsəməkdir.  

 

Son illərdə PUA bazarına sürətlə daxil olan Türkiyə fasiləsiz olaraq böyük uğurlara imza atır. 2017-cı ildə dərc olunan “Euroconsult” şirkətinin ekspertlərinin məlumatında PUA istehsal bazarının həcminin 2025-ci ilə 26 milyard dollara qədər artacağını ehtimal edilirdisə, hazırda bu proqnozlar 2030-ci ilə qədər 100 milyard dollara qədər artırılıb. Dünyada PUA bazarının ən aktiv istehsalçıları ABŞ, Çin, İsrail və Türkiyədir. Həm sonuncu iki ölkə ilə mövcud olan münasibətlərimiz, həm də yerli PUA istehsalındakı potensialımız nəzərə alınmaqla bu 100 mlrd dollarlıq “böyük piroq”dan payımızı mütləq almalıyıq. 70 il əvvəl istehsal olunan silahın və ya sursatın lisenziyalı istehsalı bizə nə ciddi bir gəlir gətirər, nə ölkənin müdafiə potensialını möhkəmləndirər. Davamlı olaraq idxalat isə büdcəyə ziyanla yekunlaşır. Müasir PUA və onun raketləriniin istehsalını mənimsəməli və ixracını həyata keçirməliyik. Vətən Müharibəsinin bizə PUA tətbiqində verdiyi üstünlüklərdən ixrac potensialımızın artırılmasında istifadə etdilməsi mütləqdir. 

 

Hərbi ekspert Ədalət Verdiyev,

Moderator.az

Diaspora