Polkovnik Xudafərinin azad olunması üçün keçirilən əməliyyatın detallarını açıqlayıb

Polkovnik Xudafərinin azad olunması üçün keçirilən əməliyyatın detallarını açıqlayıb backend

“Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısına qoyulan bütün tapşırıq və öhdəliklər layiqincə yerinə yetirilib”.

Bunu “Report”a müsahibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki, Arazboyu əməliyyatlarında böyük şücaət göstərmiş Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində əməliyyatların uğurla həyata keçirilməsinin səbəblərindən biri də pilotsuz uçuş aparatlarından (PUA) effektiv istifadə edilməsidir: “PUA-lar vasitəsi ilə düşmənin yeri, koordinatları müəyyənləşdirilirdi və daha sonra tam şəkildə bizə ötürülürdü. Biz “Harop”lardan da istifadə edərək düşmənə ağır zərbələr vurduq, onların texnikalarını məhv etdik. Xudafərin əməliyyatında da modifikasiya olunmuş AN-2 təyyarələrindən istifadə etdik. Cəbrayıl rayonunun Əmirvarlı kəndi düşməndən təmizlənəndən sonra Xudafərin körpüsünün azad olunması üçün əməliyyat planı hazırlandı”.

“Xudafərindəki yüksəkliklərin götürülməsi tapşırığını aldıq. İldırımsürətli bir əməliyyat nəticəsində yüksəklikləri düşməndən azad etdik. PUA-lar vasitəsi ilə düşmənin yeri əvvəlcədən aşkar edildi. Daha sonra düşmənin arxasına keçdik, ora yerləşən zaman ermənilər bunun fərqinə varmadı. Düşmənə qarşı burada qurulan pusqu nəticəsində uğurlu əməliyyat həyata keçirdik və onları məhv etdik. Ermənilərə qarşı buradakı üstünlüklərimiz sayəsində şəhidimiz və yaralımız olmadı”, - o vurğulayıb.

Qeyd edək ki, 44 gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsində ən uğurlu döyüşlərdən biri də Arazboyu əməliyyatları olub. Bu uğurlu əməliyyatlar nəticəsində 2020-ci ilin oktyabr ayının 18-də Xudafərin körpüsü düşməndən azad edilib və 27 illik həsrətə son qoyulub.

Azad olunan Xudafərin körpüsünə Azərbaycanın şanlı üçrəngli bayrağı sancılıb. Bu sevinci Azərbaycan xalqına Ali Baş Komandan çatdırıb. Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana DSX-nin zabiti, Vətən Müharibəsi Qəhrəmanı B.Ələkbərov məruzə edib.

Diaspora